“Qismətimizdə nə varsa, ona sevinmək lazımdı” - MÜSAHİBƏ

“Qismətimizdə nə varsa, ona sevinmək lazımdı” - MÜSAHİBƏ
29-06-2015 / 16:27 BAKI-2015
4567

I Avropa Oyunlarının bürünc mükafatçısı, Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun (+91 kq) apasport.az saytına müsahibəsi

 

- Azarkeşlər sizdən ilk Avropa Oyunlarında qızıl medal gözləyirdilər. Ancaq zədələndiyiniz üçün ümidləri doğrultmadız...

- Bilirdim ki, hamı məndən qızıl mükafat gözləyir. Etimadı doğrultmaq üçün çalışdım. Elə alındı ki, zədələndim. Həkimlər yarımfinal görüşünə çıxmağıma icazə vermədilər. Dedilər ki, zədən ciddidi. Rəqib kəllə ilə zərbə vurduğundan, gözümün altında almacıq sümüyü sınmışdı. Bilmirəm, hakim hara baxırdı? Döyüşlərin dəbilqəsiz keçirilməsi də burda rol oynadı. Rəqibim bir neçə dəfə mənə kəllə ilə zərbə endirdi. Nəticədə bu cür ağır zədə aldım və yarışı davam etdirə bilmədim. Mənə güvənən azarkeşlərdən qızıl medal qazana bilmədiyim üçün üzr istəyirəm.

 

- Yəqin razılaşarsız ki, 3-cü yeri tutmaq sizin üçün uğur deyil...

- Qismətimizdə nə varsa, ona sevinmək lazımdı. Görünür, belə məsləhət imiş. İnşallah, növbəti yarışlarda daha yaxşı nəticə göstərməyə çalışacam.

 

- Zədə aldıqdan dərhal sonra əməliyyat olunduz. Hazırda vəziyyətiniz nə yerdədi?

- Bəli, əməliyyat olundum. İndi hər şey qaydasındadı.

 

- Məşqlərə nə vaxt başlaya biləcəksiz?

- 2-3 aydan sonra. Əslində məşq edə bilərəm. Amma bir az gözləmək lazımdı. Yarışlara tam möhkəmləndikdən sonra çıxmalıyam.

 

- Digər boksçularımızın Avropa Oyunlarındakı çıxışını necə dəyərləndirirsiz?

- Mən məşqlərdə görürdüm ki, bizim uşaqlar necə həvəslə hazırlaşırlar. Əmin idim ki, onlar yaxşı nəticə göstərəcəklər. Belə də oldu. Özlərinə inandılar və medallar qazandılar. Hamısına “afərin” deyirəm.

 

- 6-sı qızıl olmaqla, ümumilikdə 11 medal qazanmağınız sizin üçün gözlənilməz olmadı?

- Bilirdim ki, yaxşı nəticə göstərəcəyik. Amma konkret neçə medal qazanacağımızı heç kim öncədən təxmin edə bilməzdi. 6 qızıl mükafat əla nəticə deməkdi.

 

- Azarkeşlər Rio Olimpiadasında boksçularımızdan neçə medal gözləsinlər?

- Əgər bizim uşaqlar bu tempdə məşqlərə davam etsələr, öz üzərlərində çox çalışsalar, məncə, Olimpiadada da nəticə göstərəcəklər.

 

Tengiz MƏMMƏDOV