“Əminliklə deyə bilərəm ki, Bakı-2015 Avropa Oyunları baş tutdu”

“Əminliklə deyə bilərəm ki, Bakı-2015 Avropa Oyunları baş tutdu”
30-06-2015 / 08:14 BAKI-2015
3480

"Azərbaycan ilk Avropa oyunlarını yüksək səviyyədə keçirdi". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov iyunun 29-da axşam saatlarında Bakıdan Moskvaya qayıdan Rusiya yığma komandasının qarşılanma mərasimində çıxışında bildirib.

 

"I Avropa Oyunları həm təşkilatçılıq və həm də oyunların səviyyəsi baxımından çox uğurlu alındı. Oyunlar başlamazdan əvvəl bir çoxları Avropa oyunlarının yüksək səviyyədə keçiriləcəyinə şübhə ilə yanaşırdı. Əminliklə deyə bilərəm ki, Bakı-2015 Avropa Oyunları baş tutdu. Əminəm ki, Bakıda bütün şübhələrə tam cavab verildi", - deyə ROK prezidenti qeyd edib.

 

Avropa Oyunlarının gələcəkdə çox böyük perspektivlərinin olduğunu söyləyən Aleksandr Jukov bu oyunlara gələcəkdə Rusiyanın ev sahibliyi etmə planının olub-olmadığına da aydınlıq gətirib: "Gələn il ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək namizəd ölkələr müəyyənləşəcək. Bayaq da qeyd etdiyim kimi, bu oyunların yaxşı perspektivi olduğundan, əminəm ki, ikinci Avropa oyunlarına ev sahibliyi etmək istəyənlər olacaq. Rusiyanın ikinci Avropa Oyunlarını keçirməyə böyük perspektivi var. Ölkəmiz bu oyunlara ev sahibliyi edə bilər, çünki oyunların keçirilməsi üçün bizdə hər cür imkan və şərait var".