Avropa Oyunlarının rekordçusu: Mini-Felps deyil, maksi-Openışeva olmaq istəyirəm - MÜSAHİBƏ

Avropa Oyunlarının rekordçusu: Mini-Felps deyil, maksi-Openışeva olmaq istəyirəm - MÜSAHİBƏ
02-07-2015 / 12:17 BAKI-2015
1116

I Avropa Oyunlarının medal sayında rekordçusu olan Arina Openışeva Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, qazandığı 7 qızıl və 1 gümüş mükafatla yarışa qatılan 50 ölkədən 37-ni qabaqlayan üzgüçü “Bakı-2015”dəki çıxışını şərh edib.

 

- Çoxsaylı mükafatlarınıza görə Avropa Oyunlarının ən yaxşısı elan olunduz. Bu titul 16 yaşlı idmançı üçün nə deməkdi?

- Ən yaxşı idmançı olmaq əladı. Buna şad olsam da, özümü böyük ulduz kimi hiss etmirəm.

 

- Doğrudan da, sizə mini-Felps ləqəbi qoyublar?

- Məni hələ 2 il əvvəl belə adlandırırdılar. İndi yenə eyni ləqəbi təkrarlamağa başlayıblar. Amma mən mini-Felps deyil, maksi-Openışeva olmaq istəyirəm. 

 

- Bakıdakı Oyunlarda ən uğurlu məsafənizi fərqləndirə bilərsiz?

- Daha çox estafetdəki qələbəmizlə fəxr edirəm. Biz orada yeniyetmələrin dünya rekordunu müəyyənləşdirdik. 400 m məsafəyə üzməkdən də çox razı qaldım. Qüvvəmi çox yaxşı bölüb, inamla qalib gəldim.

 

- Yarışlara Tsaxkadzorda hazırlaşmışdız. Hündürlükdən enəndən sonra nə hisslər keçirirdiz?

- Mən dağlarda yaxşı məşq etmişdim. Sonra da heç bir problem olmadı. Bakıda özümü əla hiss edirdim.

 

- Avropa Oyunları sizin təhsilinizə nə dərəcədə təsir edir?

- Bu yarışa görə imtahanları vaxtından əvvəl verməli oldum. 9-cu sinfi “4”lə bitirdim.

 

- Qarşıdan dünya çempionatı gəlir. Sizi mundiala tam hazır hesab etmək olarmı?

- Yarışa əla hazırlaşmışam. Tam formada olduğumu deyə bilərəm. Çalışacam ki, nəticələrimiz daha da yaxşılaşdırım. Kazandakı dünya çempionatı mənim üçün mövsümün ən əsas startıdı. Bakıda Avropa Oyunlarında öz çıxışımın baş məşqini keçirdim.