Fuad Musayevə ad günü təbriki - STATUS

Fuad Musayevə ad günü təbriki - STATUS
11-01-2017 / 19:37 FUTBOL
2422

Bu gün AFFA-nın ilk prezidenti Fuad Musayevin dogum günüdür. Bilənlər bilir, bilməyənlər də bilsin.

 

Bu o Fuad Musayevdir ki;

 

a) 11 il Azərbaycan futbolunun “anasını ağladıb”, indi də 13 ildir oturub özündən sonra gələnlərdə səhv axtarır;
 

b) hakimiyyəti dövründə onu tənqid edən jurnalistləri AFFA-ya, stadionlara buraxmırdı, indi mediadan başqa onu eşidən yoxdur deyə jurnalistlərlə “can bir qəlb” olub;
 

v) indikilərə “buranı Dağıstan yığmasına döndəriblər” deyə irad tutur, amma 20 il əvvəl, öz hegemonluğu dövründə ölkədə sovet məktəbi keçmiş yetərincə istedadlı futbolçunun olduğu halda milli komandada milli mənşəyi dəqiq bilinməyən Deni Qaysumovu, Ruslan İdiqovu, Kazemir Qudiyevi oynadıb;
 

d) öz üstündə Fransaya 0:10-un, Portuqaliyaya 0:7-nin, Norveçə 0:5-in, bunlar da cəhənəmmə, Maltaya 0:5-in (!!!), Lixtenşteynə tarixi məğlubiyyətin ləkələri olduğu halda öz xələfləri haqda “U-17-nin Portuqaliyaya 0-5 uduzmağının hesabını verməlidirlər” deyir;
 

c) indikilər haqda tənqidi fikirlərini “ayıbdır” ifadəsi ilə nöqtələyir, amma özü AFFA prezidenti olarkən kubokun final matçının yerini oyunun başlamasına saatlar qalmış dəyişməsini, “ANS Pivani”nin qapısından 98-ci (!!!) dəqiqədə KEÇMƏYƏN topu qol sayan Nemət Mahmudovun, Qusardakı oyunun protokolunu Bakı-Sumqayıt yolunda kafedə dolduran Fazil Mürşüdov kimi hakimlərinin olmasını özünə ayıb saymır;
 

e) indiki prosesləri “anormal” sayır, amma 1997-ci ildə “Neftçi”nin halal çempionluğunu ləğv edib “Qarabağ”ı əvəzedici komandanın topladığı xallar sayəsində çempion elan etməsini (!!!), 1994-də “Turan”ın silah gücünə “Neftçi”ni zərərsizləşdirib çempion olmasını xatırlamır; 
 

ə) “İndi futbol adamlarından heç kim danışmır, səsini çıxarmır” deyir, amma 20 il əvvəl özünü tənqid etdiyi üçün Samir Ələkbərov kimi bir istedadı futboldan silməsi vicdanını sızıldatmır...
 

.....32 hərfin hər birindən bir bənd düzəldib Musayevin unudulmayan “əsərlərini” xatırlamaq olar. Amma elə bu da kifayətdir. Mən yazsam da, yazmasam da, Fuad Musayev futbol tariximizdə özünəməxsus “izini” qoyub. Silinməz izini...

 

Onunla şəxsi münasibətim olmadığı üçün özünü təbrik etmirəm. Amma bütün Fuad musayevsevərləri, musayevşünasları, onun ədəbi irsini araşdıran, “milli qəhrəman” səviyyəsinə qaldıran, AFFA-nın UEFA-ya üzv olmasını Avropanın fəthinə bərabər tutan qardaş, sirdaş, yoldaş, dost və həmkarlarımı təbrik edirəm.

 

İlkin XƏLİLOV