“Q&Q”: Hansı Q?

“Q&Q”: Hansı Q?
16-02-2017 / 12:19 FUTBOL
1948

Azərbaycan Premyer Liqasının XIX turu liderlərin dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ardıcıl 3 mövsümdü çempion olan “Qarabağ” üç dəfə bürünc medala yiyələnən “Qəbələ”nin qonağı olacaq.

 

Bu matç həm də çempionatda fəaliyyət göstərən iki ən yaxşı mütəxəssisin dueli olacaq. Ən yaxşı yerli məşqçi sayılan Qurban Qurbanov ardıcıl 3 dəfə qazandığı titulu qorumaq yolunda növbəti addımı Roman Qriqorçukla dueldə gerçəkləşdirməlidi. Azərbaycan komandası ilə avrokuboklarda 4 mərhələ adlayan yeganə mütəxəssis olan ukraynalı ardıcıl 3 mövsümdü Qurbanovla rəqabət aparır.

 

Bu iki məşqçinin indiki klubundakı göstəricilərinin müqayisəsi və şəxsi oyunlardakı duelləri maraq doğurur. Qurbanovun “Qarabağ”da 380, Qriqorçukun “Qəbələ”də keçirdiyi 108 oyunun nəticələrinə baxsaq, onlar fərqli komponentlərdə üstünlüyə malikdi.

 

Qriqorçuklu komanda daha məhsuldardı. “Qəbələ” onun rəhbərliyi altında hər oyunda 1,47 (ümumilikdə 159) qol vurubsa, Qurbanov 1,44-lə (547) kifayətlənir.

 

Əvəzində “Qarabağ”ın müdafiəsi daha etibarlıdı. Ağdamlılar Qurbanovun rəhbərliyi altında 0,74 (280) qol buraxır. Ukraynalının yetirmələri isə 0,91 (98) topa üzülüb.

 

Bu göstəricilərə fikir versək, “Qarabağ” 3 dəfə fərqlənsə, Qurbanovun rəhbərliyi altında 550-yə çatacaq. 2-ci qol isə Qriqorçuku üzən 100-cü top olacaq.

 

Baş tutan görüşlərdə qazanılan xalların orta göstəricisinə gəlincə, burada da Qurbanov öndədi. Onun yetirmələri 1,89, rəqibininkilər 1,69 xal qazanır.

 

Premyer Liqada isə mənzərə fərqlidi. Qurbanov 276, Qriqorçuk 70 dəfə komandasını çempionat oyununda meydana çıxarıb. Bu müddətdə “Qəbələ” həm qol vurmaqda, həm buraxmaqda daha güclüdü.

Orta məhsuldarlığı 1,53 (107) olan “qırmızı-qaralar” “Köhlən atlar”dan 0,07 top üstündü. Ağdamlılarda bu rəqəm 1,46-dı (407). Qurbanov yetirmələrinin 199 qol (0,72) buraxmasına üzülüb. Qriqorçukun komandasının müdafiəsi isə daha etibarlıdı. 49 qol buraxan “Qəbələ” hər oyunda 0,70 dəfə məyus olub. XIX turda buraxılacaq ilk top hər iki məşqçi üçün mənfi mənada yubileylə də əlamətdar olacaq. Onlardan biri 200-cü, digəri 50-ci üzüntünü yaşamağa yaxındı.

 

Amma Premyer Liqada qazanılan xallarda ağdamlılar öndədi. Onlar hər matçda 1,95, qəbələlilər 1,90 xal əldə edib.

 

Fevralın 19-dakı matç iki mütəxəssisin 11-ci əyani dueli olacaq. İlk dəfə 2014-cü il oktyabrın 17-də Bakıda üz-üzə gələn çalışdırıcılar Qurbanovun 2:0-lıq qələbəsini izləmişdi.

 

İndiyədək yalnız çempionatda yolları kəsişən “Q&Q” 2014/15 və 2015/16 mövsümlərinin hərəsində 4, cari çempionatda 2 dəfə qarşılaşıb. Baş tutan 10 oyunda 3 heç-heçə qeydə alınıb.

 

Qurbanov 4, Qriqorçuk isə 3 dəfə qələbə sevinci yaşayıb. Ukraynalı həftəsonu tarazlıq yaranmasına şahid ola bilər. 24 qolun vurulduğu duellərdə ağdamlılar 13, qəbələlilər 11 top vurub. Maraqlıdı ki, iki mütəxəssisin duellərində ən azı 1 qol qeydə alınır. Heç vaxt qolsuzluqla ayrılmayan çalışdırıcılar oyunlarında 2-dən çox qol da vuran olmayıb.