"Adam eyni kresloda nə qədər oturar?" - sələfi Xaqani Məmmədova söz vermədi

16-02-2017 / 13:57 FUTBOL
3169

“1992-ci ildə AFFA yarananda komitə sədri işləyirdim. Xaqani isə onda hakimliyə başlamışdı”. Bunu apasport.az saytına sabiq FİFA hakimi Rüstəm Rəhimov deyib.

 

Ümumittifaq dərəcəli referi ilə bağlı "Bu mənim alın yazımdır" adlı kitab işıq üzü görüb. Səbəbkarın həyat və fəaliyyətinin əks olunduğu kitabda onun fikirlərinə yer verilib. Həmçinin, tanınmış simaların sovet dönəmində bir çox beynəlxalq səviyyəli oyunları idarə etmiş Rəhimov barədə ürək sözlərini oxumaq mümkündü.

 

Amma AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu baxımdan diqqətdən kənarda qalıb. Rəhimov buna ehtiyac duymadığını söyləyib: “Xaqani Məmmədov haqqında heç nə deməmişəm. Həmçinin, Xaqaniyə söyləsəydim ki, mənim barəmdə 1-2 kəlmə de, düşünmədən deyərdi. Özüm ondan istəmədim. Orda Rafiq Quliyevin, Miroslav Stuparın, Vadim Jukun, Nikolay Levnikovun fikirlərinə yer verilib. Yəni dünya və Avropa çempionatının oyunlarını idarə edən hakimlər mənim barəmdə danışıblar. Onların nüfuzları daha böyükdü. Bundan başqa, Tofiq Bəhramov, Ələkbər Məmmədov, Kazbek Tuayev kimi tanınmış simaların fikirləri var”.

 

Xaqani Məmmədovdan fərqli, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev keçmiş müəllimi barədə fikirlər səsləndirib. Rəhimov bunu belə əsaslandırıb: “Asim Xudiyev mənim tələbəm olub. Onu, Rafiq Quliyevi vaxtilə hakimliyə mən gətirmişəm. İstər onlar, istərsə də Xaqani Məmmədov və Tahir Süleymanov mənim rəhbərliyim altında hakimlik ediblər. İndikilərdən isə Əliyar Ağayev barədə kitabda fikrimi bildirmişəm”.

 

Rüstəm Rəhimov AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə qayıtmaq niyyətində olmadığını da sözlərinə əlavə edib: “Mənim bu gün-sabah 70 yaşım olacaq. Vaxtilə komitə sədri olmuşam, tanınmış şəxslərlə birgə çalışmışam, bu yollardan keçmişəm. Yenidən komitə sədri olmaq fikrim yoxdu. Cavanlara yol açmaq lazımdı. Onlara da daim köməyimi əsirgəmirəm. Səhhətimi düşünürəm, orda işləyib əsəblərimi korlamaq istəmirəm. Həm də mən kreslo həvəskarı deyiləm, kiminsə yerində gözüm yoxdu. Adam eyni kresloda nə qədər oturar? Gərək elə gedəsən ki, səni hörmətlə xatırlasınlar”.