“Digər futbolçulara verilən şansı mənə vermədilər” – “Qarabağ”ın hücumçusu

“Digər futbolçulara verilən şansı mənə vermədilər” – “Qarabağ”ın hücumçusu
17-03-2017 / 11:36 FUTBOL
4868

“Həmişə milliyə dəvət alanda fəxr etmişəm. Yığmanın futbolçusu olmaq qürurvericidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.

 

Ölkəsinin mətbuatına açıqlama verən 27 yaşlı forvard son vaxtlar CAR (Cənubi Afrika Respublikası) millisinə çağırılmamasına münasibət bildirib.

 

Ndlovu yenidən əsas komandaya çağırılacağına ümid etdiyini söyləyib: “Yığmaya çağırılmayanda çox məyus oluram. Xüsusilə ötən mövsüm klubumun heyətində çoxlu qol vursam da, mənə dəvət gəlmədi. Digər futbolçulara verilən şansı mənə vermədilər. Ancaq bu artıq keçmişdə qalıb. İndi gözləmə mövqeyini tutmuşam. Millinin yeni baş məşqçisinin kim olacağı mənə çox maraqlıdı. Əgər yeni çalışdırıcı ehtiyac duysa, yığmada oynamağa hazıram. Çünki millinin formasını geyinmək mənim üçün həmişə şərəfdi”.

 

Futbolçu Premyer Liqanın XXII turunda AZAL-la (1:0) keçirilən qarşılaşmanı da dəyərləndirib. Ağdam klubunun qələbə qolunun müəllifi hədəflərinin hər iki turniri qazanmaq olduğunu vurğulayıb: “Mövsümün əvvəlindən “Qarabağ”da olmadığım üçün istədiyim qədər qol vura bilmədim. Klubumun mövsümöncəsi təlim-məşq toplanışında iştirak etməmişəm. Bu da tam olaraq bacarığımı göstərməyə mane oldu. Düzdü, ötən turda qol vurduğum üçün şadam. Ümid edirəm ki, bununla komandamın hər iki turnirdə qalib gəlməsinə kömək edəcəm”.

 

Qeyd edək ki, Dino Ndlovu bu mövsüm Premyer Liqada 17 oyunda meydana çıxıb, 6 qol vurub.