“Neftçi” özünü öldürsə, uzağı 5-ci yeri tuta bilər” – Böyükağa Hacıyev

“Neftçi” özünü öldürsə, uzağı 5-ci yeri tuta bilər” – Böyükağa Hacıyev
17-03-2017 / 13:15 FUTBOL
3371

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Son vaxtlar mətbuatda az-az görünürsünüz. Yəqin ki, məşqçilikdən uzaq düşməyiniz sizə pis təsir edir...

- Artıq xeyli vaxtdı ki, məşqçi kimi çalışmıram. Bu gün Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov və Böyükağa Hacıyev kimi mütəxəssislər Məşqçilər Komitəsində yer alıblar. Azərbaycanın qaymaqlarının, demək olar ki, hamısı qıraqdadı. Bunun nə vaxta kimi davam edəcəyini bilmirəm.

 

- Sabiq komandanız “Neftçi” çempionatın XXII turunda iddialı “Qəbələ”ni üstələdi...

- Oyuna baxdım. “Neftçi” indiki məqamda pis komanda deyil. Ancaq stabillik çatmır. Əvvəlki turlarda “Zirə”yə uduzdu, “Kəpəz”lə heç-heçə oynadı, lakin sonra gəlib, “Qəbələ” kimi rəqibə qalib gəldi. Bu ondan xəbər verir ki, “Neftçi”də stabillik yoxdu. Problemi aradan qaldırmaq üçün baş sındırmaq, işləmək lazımdı.

 

- “Neftçi” qış fasiləsində heyətinə xeyli sayda futbolçu qatmışdı. Yeni transferlər necə təsir bağışlayırlar?

- Şəxsən mənim xoşuma gəlmirlər. Təkcə iki mərkəz müdafiəçisini fərqləndirə bilərəm. Digərlərini isə bəyənmirəm.

 

- Yenilənmiş “Neftçi” çempionatı 4-cü pillədə başa vura bilərmi?

- Bu tur “İnter”lə qarşılaşdıqdan sonra “Sumqayıt”ın qonağı olacaqlar. “Neftçi” özünü öldürsə, uzağı 5-ci yeri tuta bilər. Onlar üçün ən yuxarı pillə 5-ci yer olar. “İnter” 3-cü pillədə möhkəmlənib. “Zirə” isə “Neftçi”dən 6 xal öndədi. Buna görə də, turnir cədvəlində irəliləmək çətindi. Amma unutmayın ki, mən bir vaxtlar 8 oyuna “Bakı”nı çempion etmişəm. Çempionatın sonuna 8 tur qalmışdı. Bir dəfə də olsun, uduzmadıq və qızıl medalları qazandıq. Bir nəfər qabağa çıxıb desin ki, o müddətdə “Bakı”ya kömək edib. Əsla. Bunu heç kim deyə bilməz, haqqı da yoxdu.

 

- Ötən turdakı nəticələrdən sonra “Qəbələ” liderliyi “Qarabağ”a təhvil verdi. Bu iki komandadan hansını çempionluğa daha şanslı sayırsınız?

- “Qarabağ”la “Qəbələ” arasında güclü rəqabət gedir. Mən “Qarabağ”ı çempion görürəm. Amma bu, futboldu, sürprizlər ola bilər. Sabah nə baş verəcəyini heç kim dəqiq deyə bilməz. “Qəbələ”nin çempionluq mübarizəsini sona qədər aparacağına inanmıram. “Qarabağ”ın isə o təcrübəsi var.

 

- İddialı klublarımızdan “İnter”in növbəti mövsümdə var olub-olmayacağı dəqiq bilinmir. Razısız ki, bu gedişlə çempionatın səviyyəsi gələn il daha da aşağı düşəcək?

- “İnter” də uçuruma gedir. Daha sponsor tapılmır. Bu isə o deməkdi ki, ümumilikdə, Azərbaycan futbolu uçurumla üz-üzə qalıb. Mən 1 il əvvəldən demişəm ki, futbolumuz sönüb, çempionat zəifləyib. Sponsorlar qaçır, heç kim bu idman növünə yaxın durmur. Bu isə yaxşı nəticə verməyəcək.