“Bütün Avropa gördü ki...” - Dmitri Nazarov

“Bütün Avropa gördü ki...” - Dmitri Nazarov
29-03-2017 / 10:41 DÇ-2018
3953

“Almaniyaya qol vurduğum an həm mənim, həm də Azərbaycan xalqı üçün möhtəşəm an idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə görüşdə (1:4) millimizin yeganə qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi növbəti dəfə alman mətbuatına açıqlama verib.

 

Nazarov Azərbaycan yığmasının düzgün yolda olduğunu vurğulayıb: “Vurduğum qoldan sonra aldığım təbriklərə görə az qala mobil telefonum partlayacaqdı. Almaniyaya qarşı yaxşı oynadıq və 90 dəqiqə ərzində pis təsir bağışlamadıq. Unutmayaq ki, qarşımızdakı dünya çempionu idi. Bu cür rəqiblərlə oyunda buraxdığın hər səhvə görə cəzalandırılırsan. Almaniya da bunu etdi. Halbuki, fasiləyə bərabərliklə yollana bilərdik. Əsl gücümüz bu cür oyunlarda bəlli olur. Bütün Avropa gördü ki, Azərbaycan yığması doğru yoldadı. Biz sadəlövh deyilik. Bilirik ki, zaman keçdikcə daha yaxşı oynayacağıq”.

 

Nazarov artıq diqqətini klubu “Aue”nin çıxışına yönəltdiyini bildirib: “Almaniyaya qol vurduqdan sonra Çempionlar Liqasında oynamalı olduğumu deyə bilmərəm. Hazırda bütün diqqətimi klubuma yönəltmişəm. Biz II Bundesliqada qalmaq uğrunda mübarizə aparırıq”.