“İnanıram ki, finaldan da qalib ayrılacağıq” – yığmamızın voleybolçusu

“İnanıram ki, finaldan da qalib ayrılacağıq” – yığmamızın voleybolçusu
18-05-2017 / 14:21 İSLAMİADA
353

“İslam Həmrəyliyi Oyunlarında mən milli komandanın əsas oyun qurucusu olaraq çıxış edirəm. Avropa Oyunlarında da milli komandada yer alsam da əsas oyunçu kimi oynamırdım”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Kristina Yaqubova deyib.

 

21 yaşlı toppaylayıcı İslam Həmrəyliyi Oyunlarında çıxışlarını dəyərləndirib. O, Voleybol Federasiyasının feysbuk səhifəsinə bildirib ki, bu gün Türkiyə ilə keçiriləcək final matçında yalnız qələbəyə kökləniblər: “Komandada əsas oyunçulardan biri olmaq çox qürurverici bir hissdi. Artıq finalda bir oyunumuz qalıb. İnanıram ki, bu görüşdən də qalib ayrılacağıq. İslam Həmrəyliyi

Oyunları milli komandamızın mövsümünün ilk yarışıdı. Daha sonra bizi dünya çempionatının təsnifat oyunları və sentyabr ayında Avropa çempionatı gözləyir. Ona görə də əlimizdən gələni etməliyik ki, mövsümün ilk yarışını uğurla sona çatdıraq. Bu arada kişilərdən ibarət milli komandamızı İslam Oyunlarındakı uğurlarına görə təbrik etmək istəyirəm, artıq onlar da yarımfinala vəsiqə qazanıblar”.

 

Qeyd edək ki, Azərbaycan – Türkiyə matçı 19:30-da start götürəcək.