Fəridə Əzizova: Dəfələrlə zərbə endirə bilərdim...

Fəridə Əzizova: Dəfələrlə zərbə endirə bilərdim...
19-05-2017 / 11:15 İSLAMİADA
412

“Finalda türkiyəli idmançı ilə qarşılaşdım. İlk görüşdə aldığım zədə ilə əlaqədar, tam döyüşə bilmədim”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo millimizin üzvü Fəridə Əzizova deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 67 kq çəkidə ölkəmizi təmsil etmiş Əzizova aktivinə medal yazdırıb. İdmançımız Türkiyə təmsilçisi Nur Tatarla keçirdiyi həlledici qarşılaşmada 2:8 hesabı ilə yenilərək, “gümüş”lə kifayətlənib.

 

Finaldakı məğlubiyyətinə toxunan Əzizova döyüşə zədəli çıxdığını və bu səbəbdən əlinə düşən imkandan lazımınca faydalana bilmədiyini vurğulayıb: “Əslində, əlimə çox fürsət düşdü. Dəfələrlə zərbə endirə bilərdim, amma alınmadı. Zədəm imkan vermədi. Buna baxmayaraq, ən azı gümüş medalı qazandığıma görə sevinirəm”.

 

Əzizova adətən gümüş mükafatçı olmasını 67 kq çəkidə gərgin rəqabətin olması ilə əlaqələndirib: “Buna görə də, mübarizə aparmaq olduqca çətindi. Rəqiblərim zəif deyillər. Həm İslam ölkələri arasında, həm də Avropa və dünyada güclü rəqiblərim var. İslamiadada yarımfinal və finalda qarşılaşdığım idmançılar Rio Olimpiadasında medalçı olublar. Məncə, yarışlarda qızıl medal uğrunda döyüşdə adətən məğlub olmağım bununla əlaqədardı. İnşallah, bu problemi aradan qaldıracam və qarşıdakı yarışlarda qızıl medal əldə edəcəm”.