Kamran Quliyev sədr olandan sonra...

Kamran Quliyev sədr olandan sonra...
19-05-2017 / 15:35 FUTBOL
638

AFFA Klublar Komitəsi yenə məyus etdi. Bu gün bir araya gələn klub rəsmiləri təmsil olunduqları səviyyəyə görə bu qurumun yararsız olduğunu bir daha təsdiqlədilər.

 

Hər hansı qərar qəbul olunmayıb, yalnız müzakirələr aparılıb, fikir mübadiləsi edilib. Gündəlikdə olan məsələlərlə bağlı deyilənlər haqda yəqin ki, tezliklə AFFA-nın saytında rəsmi məlumat yerləşdiriləcək. Lakin klubların görüşə 4-cü, 5-ci şəxslərlə qatılması faktı göstərir ki, ciddi bir təklifdən, tövsiyədən danışmaq mümkün deyil. Yalnız görüş xatirinə görüş, müzakirə xatirinə müzakirə.

 

Tezliklə yeni mövsüm başlayacaq və klublar şikayətlənməyə, nədənsə narazılıq bildirməyə başlayacaqlar. Halbuki elə bugünkü iclasa qatılıb, problemləri qaldırmaq, həlli üçün addımlar atmaq lazım idi. İndi özünü “pis kişi” etməyənlər sabah “yaxşı oğlan” kimi görünməyə cəhd edəcək. Yox, əgər nəyisə dəyişmək mümkün deyilsə, o zaman bu quruma nə ehtiyac var?

 

Kamran Quliyev bu quruma sədr olandan bəri Klublar Komitəsinin çəkisi daha da azalıb. Bəlkə də “Sumqayıt”ın prezidentinin nüfuzunun yetərli olmamasındandı ki, klublar bu tədbirlərə əsas simaları ilə qatılmır. Dəqiq olan odur ki, bu münasibətlə KK-ni də digər komitələrin aqibəti gözləyir. Görüntü naminə olan, heç bir fəaliyyəti görünməyən sıradan qurum kimi.

 

Futbolinfo