İslamiada: Qəhrəmanlar - LAYİHƏ

İslamiada: Qəhrəmanlar - LAYİHƏ
13-06-2017 / 09:05 İSLAMİADA
1294

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları başa vurur. Sonuncu yazımızda mayın 12-22-də Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarında adlarından söz etdirənlərə diqqət yetirəcəyik. Müəyyənləşdirəcəyik ki, yarışın neçə qəhrəmanı olub və onlar İslamiadanı neçə medalla başa vurublar.

 

Bizim pentakampeon

İslamiadanın ən böyük qəhrəmanlarından biri Ruslan Lunyov oldu. 28 yaşlı güllə atıcımız Bakı Atıcılıq Mərkəzində özünə rəqib tanımadı. Tapançadan atəş açmada uzun illərdi beynəlxalq arenada çıxış edən snayper karyerasının ən böyük uğurunu doğma məkanda qazandı. O, hədəf önünə keçdiyi yarışın hamısında rəqiblərindən sərrast oldu. Yığmamıza Bakı-2017-də ilk medalı qazandıran Lunyov kişilərin 25 m məsafədən tapança ilə mərkəzə atəş açma yarışında özünün mükafat hesabını da açdı.  Ümumilikdə isə o, 5 qızıl medaldan 3-ünü 25 m məsafədən atəş açmada əldə etdi. Ruslan mərkəzi dəqiq nişan almaqla yanaşı, sürətli və standart tapança ilə də hədəfdən yayınmadı.

 

Pnevmatik tapançadan 10 m məsafədə də sərrastlığı ilə fərqlənən idmançımız bu növünün qarışıq komanda yarışında da Nigar Nəsirova ilə birlikdə gülləsini boşa vermədi.

 

Ruslan Lunyov tək deyil, onu qabaqlayan da var

Türkiyə yığmasının medal sıralamasında öndə qərarlaşmasını üzgüçülükdə qazandığı uğurla əsaslandırmaq olar. Xüsusilə də qadınların mübarizəsində “ay-ulduzlular” hamını geridə qoydular. Bu uğurda da daha çox 2 idmançının nailiyyətləri diqqət çəkir. Yekaterina Avramova Bakı-2017-də Lunyov kimi 5 qızıl medal qazanmağı bacarıb. Türkiyəli üzgüçü 50, 100 və 200 m məsafəyə arxası üstə üzməkdə, həmçinin 4X100 m məsafəyə kompleks və sərbəst üsulla estafetlərdə finiş xəttinə birinci çatdı. Onun komanda yoldaşı Viktoriya Zeynəb Günəş də IV İslam Həmrəyliyi Oyunlarında 5 dəfə Türkiyə himnini səsləndirdi. 18 yaşlı istedad 100 və 200 m məsafəyə brass üsulu ilə, 200 m və 400 m məsafəyə kompleks üsulla üzməkdə rəqiblərini arxada qoydu. 4X100 m məsafəyə estafetdə də millisinin heyətində yer alan Günəş bu 5 qızıldan başqa, 1 gümüş də əldə etdi. O, 50 m məsafəyə brass üsulu ilə üzməkdə ikinci yeri tutdu.

 

Qadınların üzgüçülük yarışlarının daha bir qəhrəmanı isə sərbəst üsulla üzən Suat Çeruatidi. 400, 800 və 1500 m məsafədə əlcəzairli idmançını qabaqlayan olmadı.

 

İlknur Nihan Çakıcı da hovuzdan 4 çempionluqla ayrıldı. O, 50 və 100 m məsafəyə yürüşdə hamıdan yaxşı olmaqla yanaşı, 4X100 m məsafəyə sərbəst və kompleks şəkildə üzməkdə də birinci yeri tutdu.

 

Maksim Şemberev Bakı-2017-də parladı

Üzgüçülük yarışlarında Azərbaycan millisinin uğurları nadir hadisələrdən olsa da, Bakı-2017-də belə nailiyyət yaşandı. Təmsilçimiz Maksim Şemberev 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bütün uğurlarını fərdi yarışlarda əldə edən idmançımız 800 və 1500 m məsafəyə sərbəst üsulla üzməkdə, həmçinin 200 m batterflyay və 400 m məsafəyə kompleks üsulla yürüşdə hamıdan sürətli oldu.

 

Ümumiyyətlə kişilərin üzgüçülük yarışında təmsilçimizlə yanaşı, türkiyəli Dəmir Atasoyun da uğurları diqqət çəkir. O, 50 və 100 m məsafəyə brass, 4X100 kompleks estafetində də fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

 

Durundadan penta-trik

İslamiadanın ən yaxşılarından biri də bədii gimnastımız Marina Durunda oldu. Artıq karyerasını bitirən 20 yaşlı idmançı paytaxtda 5 dəfə medal sevinci yaşadı. O, komanda yarışlarında, həmçinin həlqə və lentlə hərəkətlərdə çempion adını qazandı. Gürzlərdə gümüş əldə edən Marina topa üçüncü oldu.

 

Bədii gimnastika yarışlarında daha 2 idmançının fərqləndiyini söyləmək mümkündü. Digər təmsilçimiz Jalə Piriyeva 2 qızıl, 1 gümüş və 1 bürünclə, özbəkistanlı Anastasiya Serdyukova 1 qızıl və 3 gümüşlə adından söz etdirdi.

 

Yığmamızın yeganə idmançısı

IV İslam Həmrəyliyi Oyunlarının əsas qəhrəmanları bir neçə medal qazanmaq şansları olan növlərdə fərqləndi. Bu baxımdan döyüş növlərində çıxış edən idmançılar 1-dən artıq mükafata yiyələnə bilməyiblər. Lakin bu da IV İslam Həmrəyliyi Oyunlarında millimizin bayraqdarı olan Rafael Ağayevin İslamiadanı qəhrəman kimi tərk etməsinə kölgə salmadı. Karateçimiz analoji yarışların hamısında fəxri kürsüyə qalxan yeganə Azərbaycan idmançısı kimi tarixə düşdü. 2005-ci ildə Səudiyyə Ərəbistanında 65 kq çəki dərəcəsində çıxış edən Ağayev bürünc medalla kifayətlənmişdi. 8 il sonra İndoneziyada artıq 75 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz bütün rəqiblərinə qalib gəlmişdi. İkinci qızıl medalını isə Bakıda qazanan Rafael bununla da mükafatlarının sayını 3-də çatdırdı.

 

Ramil Quliyev qəhrəman ola bilmədi

Bakı-2017-də suyatullanma və zorxana yarışlarında da 3 qızıl medal əldə edən idmançılar oldu. İran atleti Mojtaba Vəlipur 3 m tramplin, həmçinin sinxron suyatullanmanın hər 2 növündə (3 m tramplin və 10 m platforma) qızıl medala sevindi. İslamiada üçün yeni növ olan zorxanada isə onun həmyerlisi Əli Jaliju fərqləndi. O, çərxi-çəməni, çərxi-tiz və komanda mübarizəsində çempion tituluna yiyələndi.

 

Onlarla bərabər, bəhreynli atlet Edidlonq Odlonq və Salva Eyd Naser də hərəyə 3 qızıl medala sevindilər. Amma onların 3 uğurundan ikisi estafetə təsadüf edib. Hər 2 xanım idmançı 4X100 və 4X400 m məsafəyə qaçışda yığmanın tərkibində oldu və bütün rəqiblərini qabaqladılar. Fərdi yarışlarda isə Odlonq 200, Naser 400 m məsafəyə qaçışda birinci yeri tutdu.

3 qat çempion adını qazanmağa daha bir namizəd isə millimizin sabiq atleti Ramil Quliyev oldu. Lakin o, 3 şansdan yalnız ikisindən yararlandı. Düzdü, artıq Türkiyənin şərəfini qoruyan sprinter fərdi yarışlarda rəqib tanımadı. Həm 100, həm də 200 m məsafələrə qaçışda finiş xəttinə hamıdan tez çatdı. Lakin Quliyev 4X100 m məsafəyə estafet yarışında gümüşlə kifayətləndi. Həmyerlimizi 3-cü çempionluqdan 0,01 saniyə ayırdı. Türkiyə yığmasını zəfərdən Bəhreyn məhrum etdi.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir