Transfer bazarının lideri – “Milan”

Transfer bazarının lideri – “Milan”
16-06-2017 / 15:50 FUTBOL
5543

Sabah Avropada “transfer pəncərəsi” rəsmən açılacaq. Apasport.az saytının məlumatına görə, artıq bəzi komandalar heyətlərində ciddi dəyişikliklər etməyə müvəffəq olublar.

 

“Real”, “Barselona” kimi komandalar səssizliklərini qoruyurlarsa, oyunçu keçidlərinə görə, 100 milyon avrodan çox pul xərcləyən komanda da var. Söhbət əvvəlki əzəmətini qaytarmaq niyyətində olan “Milan”dan gedir. Son 4 mövsümdə A seriyasında ilk “beşliy”ə düşə bilməyən “rossonyerlər” bu yay artıq 102 milyon avro xərcləyib. Bununla, İtaliya klubu 2001-ci ildəki şəxsi rekordunu yeniləyib.

 

Andre Silva, Frank Kessi, Rikardo Rodriges və Mateo Musakkionu heyətinə qatan “Milan” hələlik mövsümlərarası fasilənin ən fəal komandasıdı. Rəsmi transferlərə görə, ikinci pillədə “Bavariya” qərarlaşır – 92 milyon avro. Növbəti yerləri “Mançester Siti” (90 milyon), “Yuventus” (47 milyon) və Dortmund “Borussiya”sı (44 milyon) tuturlar.

 

Qısa müddətdə 4 oyunçu alan “Milan”da başda hücumçu Karlos Bakka olmaqla, bir neçə oyunçunun gedişi gözlənilir ki, bu, “rossonyerlər”in transfer fəaliyyətini davam etdirəcəyini göstərir. İtalyanlar sonuncu dəfə transferlərə 100 milyon pul xərcləyəndə heyətə Andrea Pirlo, Filippo İnzagi, Rui Koşta kimi ulduzları qatmışdı.

 

Qeyd edək ki, “Milan” Andre Silvanı 38, Frank Kessini 28 (transfer etmək şərti ilə icarəyə), Rikardo Rodriges və Mateo Musakkionu isə 18 milyon avroya transfer edib.