Məcidov və Sotomayorun ilk rəqibi dəqiqləşdi

Məcidov və Sotomayorun ilk rəqibi dəqiqləşdi
17-06-2017 / 10:38 DÖYÜŞ NÖVLƏRİ
2301

Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib. Apasport.az Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Vahid Hambli (Fransa) ilə gücünü yoxlayacaq.

 

Olimpiya mükafatçımızın rəqibinin adı yarışın startı günü məlum olub. 1/16 finalda Fredi Çiobanunu (Rumıniya) 5:0 hesabı ilə məğlub edən fransalı mərhələ adladığından 1/8 finalda Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz Hambli ilə iyunun 19-da döyüşəcək.

 

+91 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədrəsul Məcidov isə 1/8 finalda Petar Belberovla (Bolqarıstan) üz-üzə gələcək. 2 qat dünya çempionumuzun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Aleksandr Kaleyevi (Belarus) mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. Məcidovun da ilk görüşü iyunun 19-da olacaq.