“Qəbələ” MOİK və "Vakker"lə qüvvəsini sınayacaq

“Qəbələ” MOİK və
17-06-2017 / 13:22 FUTBOL
627

İyunun 7-dən Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, hazırlığı Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə məşq keçirlər.

 

Komanda günün ilk yarısında fitness-zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verir. İkinci məşq isə meydançada toplu hərəkətlərdən ibarət olur. Artıq milli komandanın düşərgəsindən qayıdan futbolçular da kollektivlə məşqlərdə iştirak edirlər. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, “Qəbələ”nin yeni legioneri ispaniyalı Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb. Yerli “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə qarşılaşmalarda forma geyinə bilməyən oyunçular “qırmızı-qaralar”la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.

 

“Qəbələ” sabah Avstriyada növbəti sınağına çıxacaq. Komanda Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət matçlarda üz-üzə gələcəklər.