“İmzaladığım müqaviləyə görə heç vaxt peşman olmamışam” - Kervens Belfort

“İmzaladığım müqaviləyə görə heç vaxt peşman olmamışam” - Kervens Belfort
17-06-2017 / 15:00 FUTBOL
5372

“Zirə”nin yeni transferi, Haiti yığmasının hücumçusu Kervens Belfortun apasport.az saytına müsahibəsi

 

- “Zirə”yə keçidiniz necə baş tutdu?

- Təklif gəldi və dəyərləndirməyə qərar verdim. Çünki hər yeni çağırış yeni mərhələnin başlanğıcı deməkdi. Budəfəki dəvətin gələcək karyeram üçün məqsədəuyğun olduğunu düşündüm və qəbul etdim. Təbii ki, buradayamsa, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.

 

- Azərbaycandan təklif olduğunu eşidəndə nə düşündünüz?

- Qeyri-adi bir şey yoxdu. Təklifi dəyərləndirməməyim üçün səbəbim, əsasım yox idi. Yenə deyirəm, hər yeni çağırışdan qaçmaq da olmaz.

 

- Yeni komandanız ilk dəfə avrokuboklarda iştirak edəcək...

- “Zirə”nin Azərbaycan klubu olduğunu bilirdim. Başqa hansısa məlumata sahib deyildim. İnternet resurslarından faydalanaraq, müəyyən bilgilər əldə etməyə çalışdım. İndi internet dövrüdü. Tanımadığın ölkə, klub, şəxs haqda asanlıqla məlumat toplaya bilirsən. İnternetdən öyrəndiklərimlə gördüklərim üst-üstə düşdü.

 

- “Zirə” ilə Türkiyədə müqavilə imzalamısız, yəni klubun bazasını, şəraitini görməmisiz. “Sonrakı peşmanlıq fayda verməz” deyiblər...

- Sizə bir fakt deyim: futbolçu karyeramla bağlı imzaladığım müqaviləyə görə heç vaxt peşman olmamışam. Bu dəfə də belə olacaq. İşimi çox sevirəm. Bilirəm ki, məni komandaya kömək etmək üçün dəvət ediblər. İşimizi görmək üçün lazım olan şərait yaradılıb.

 

- 25 yaşınız olsa da, artıq 5-6 ölkədə legioner həyatı yaşamısız. Tez-tez klub dəyişməyiniz nədən irəli gəlir?

- Cavabı çox sadədi: hər dəfə daha cəlbedici, uyğun təklif alırsan və onu dəyərləndirməyi düşünürsən. Tez-tez klub dəyişməyim də bununla bağlıdı.

 

- Hansı cəlbedici məqam və şərt sizi “Zirə”yə çəkdi?

- Bu klubun yarandığı gündən iddialı olduğunu öyrəndim. Bu ayın sonunda komanda Avropa Liqasında mübarizə aparacaq. Premyer Liqada isə məqsəd yenidən avrokuboklara vəsiqə qazanmaq olacaq. Klubun iddialı olması məni buraya gətirən səbəbdi. Hər bir futbolçunun arzusu ambisiyalı komandada oynamaqdı.

 

- Azərbaycan çempionatının 8 komandanın iştirakı ilə keçirildiyini bilirsizmi? Əvvəllər bu qədər klubun iştirak etdiyi yarışda çıxış etmisiz?

- Bilirdim ki, çempionatınızın son mövsümü 8 komanda ilə keçirilib. Növbəti çempionatda da bu qədər komanda iştirak edəcək. Bunları öyrənmişəm. Üstəlik, Hindistanda da 8 komandalı çempionatda oynamışam. Bu, ilk təcrübəm olmayacaq.

 

- Çempionatımızın reytinqi aşağıdı. Bu məqam Haiti yığmasına dəvət edilməyinizə problem yaratmayacaq?

- Mən əksini düşünürəm. Bu keçidim Haiti millisi üçün də yaxşı xəbər olacaq. “Zirə”də çıxış etməyim gələcək karyerama müsbət təsir göstərəcək.