Daha 4 boksçumuz rəqibini tanıdı

Daha 4 boksçumuz rəqibini tanıdı
18-06-2017 / 14:24 DÖYÜŞ NÖVLƏRİ
2540

Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 4 boksçusunun ilk rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.

 

Dünya çempionumuzun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda İstvan Şakanı (Macarıstan) 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından 1/8 finalda Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan Elvin Kappai ilə iyunun 19-da döyüşəcək.

 

56 kq çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə Antoni Ceyms Uolkerlə (İrlandiya) gücünü yoxlayacaq. Təmsilçimizin rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.

 

69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Simyon Çamovla (Bolqarıstan) qüvvəsini sınayacaq. Həmyerlimizin rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində Anas Messaudini (Belçika) mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan Bağırovla qarşılaşmaq hüququ əldə edib. Pərvizin ilk görüşü iyunun 19-da olacaq.

 

Abdulqadir Abdullayev (91 kq) isə startda Şott Antoni Forresti (Şotlandiya) sınağa çəkəcək. Bu boksçu 1/16 finalda Zoran Radiçi (Serbiya) 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin şotlandiyalı ilə qarşılaşması iyunun 20-də keçiriləcək.