Cavid Çələbiyev 1/8 finalda, Kamran Şahsuvarlının rəqibi bəlli oldu

Cavid Çələbiyev 1/8 finalda, Kamran Şahsuvarlının rəqibi bəlli oldu
19-06-2017 / 00:01 DÖYÜŞ NÖVLƏRİ
2104

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

 

60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Edqaras Skurdelislə (Litva) üz-üzə gəlib. Qarşılaşma dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Çələbiyev rəqibini 4:1 hesabı ilə məğlub edib.

 

O, 1/8 finalda fransalı Sofian Oumiha ilə gücünü yoxlayacaq. Görüş iyunun 20-də baş tutacaq.

 

Çələbiyevdən fərqli, Eldar Quliyevin (81 kq) debütü uğurlu alınmayıb. 1/8 finala gedən yolda Müslim Hacımaqomedovla (Rusiya) qarşılaşan gənc boksçumuz 0:5 hesabı ilə məğlub olub.

 

Bu gün daha bir təmsilçimiz – Kamran Şahsuvarlının (75 kq) da ilk rəqibi bilinib. Birinci mərhələdən azad olan Olimpiya mükafatçımız 1/8 finalda Emmet Brennanla (İrlandiya) mübarizə aparacaq. Onun rəqibi polşalı Bartoş Qolebiyevskiyə qalib gəlib – 3:2.

 

Şahsuvarlı Brennanla iyunun 20-də qüvvəsini sınayacaq.