“Qəbələ” üçün iki nümunə

“Qəbələ” üçün iki nümunə
14-07-2017 / 10:50 FUTBOL
5780

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Yagelloniya” ilə evdə heç-heçə edən “Qəbələ”nin tur adlamaq şansı 25 faizdi. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları avrokuboklar tarixində düşdüyü belə vəziyyətlərin 25 faizində mərhələni arxada qoyub.

 

İndiyədək 8 dəfə təmsilçimiz ilk görüşü evdə keçirib və 1:1 hesabı ilə kifayətlənib. Bunların 6-da növbəti mərhələyə çıxmaq nəsib olmayıbsa, iki dəfə səfər uğurlu alınıb.

 

Özü də bu iki uğur son belə hadisələr zamanı yaşanıb. 2013-cü ilin yayında “İnter” Finlandiyada “Mariehamn”a 2 cavabsız qol vurub. Bundan bir il öncə isə “Neftçi” Kiprdə APOEL üzərində tarixi qələbəyə sevinib. Bakılılar evdəki 1:1-dən sonra səfərdə 3:1 hesabı ilə qalib gəlib və Avropa Liqasında qrupa yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb. İyulun 20-də “Yagelloniya”nın qonağı olacaq “Qəbələ” üçün də məhz bu iki görüş nümunədi.

 

Digər 6 dueldə isə cavab oyunu meydan sahiblərinin sevinməsi ilə başa çatıb. Düzdü, 2007-ci ildə “Bakı” “Daçiya” ilə Moldovada, 5 il sonra “İnter” “Asteras”la Yunanıstanda da eyni nəticəyə imza atıb. Lakin hər iki komandamız penaltilər seriyasında uduzub.

 

2007-ci ildə “Xəzər Lənkəran” Zaqrebdə “Dinamo” ilə matçda da eyni nəticə qazansa da, əlavə vaxtda daha iki top buraxıb. Digər üç halda isə təmsilçimiz səfərdən məğlub dönüb. 2008-ci ildə “Partizan” “İnter”i 2:0, 2011-ci ildə “Minsk” AZAL-ı 2:1, növbəti ildə isə “Lex” “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə yenib.