“Heç-heçə bizim üçün uğurlu nəticədi” - Marian Kelemen

“Heç-heçə bizim üçün uğurlu nəticədi” - Marian Kelemen
14-07-2017 / 11:33 FUTBOL
969

“İlk dəqiqədən sona qədər meydanda gərgin mübarizə getdi. Qarşılıqlı hücumlar bir-birini əvəzlədiyindən, maraqlı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın qapıçısı Marian Keleman deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında “Qəbələ”nin qonağı olan Polşa təmsilçisi Bakıdan qollu bərabərliklə (1:1) ayrılıb.

 

Matçı dəyələndirən slovakiyalı qolkiper heç-heçəni özləri üçün sərfəli nəticə sayır: “Birinci hissədə çox ağıllı futbol oynadıq və nəticədə qol vurduq. Ancaq ikinci hissədə rəqib daha sürətli idi. Bu da başadüşüləndi. Çünki “Qəbələ” güclü futbolçulardan qurulub. Texniki cəhətdən olduqca üstündülər. Fikrimcə, oyun başqa cür də nəticələnə bilərdi. Həm bizim, həm də rəqibin qol vurmaq üçün şansları oldu. Yüksək səviyyəli və templi oyun keçdi. Bərabərliyin bizim üçün uğurlu hesab olduğunu düşünürəm. Çünki “Qəbələ” Batumi “Dinamo”sundan güclü komandadı və bunu meydandakı çıxışı ilə sübut etdi. Onlar, xüsusən də, ikinci hissədə çox aqressiv idilər və bizi daim təzyiqdə saxladılar. Qol da vurdular. Bizim də rəqibi cəzalandırmaq üçün bir neçə imkanımız oldu. Təəssüf ki, ikinci qolu vura bilmədik”.

 

37 yaşlı oyunçu cavab qarşılaşmasında da işlərinin çətin olacağını vurğulayıb: “Növbəti mərhələyə kimin yüksələcəyinə Polşada aydınlıq gələcək. Evdəki matça olduqca ciddi hazırlaşmalıyıq. Yolumuza davam etmək üçün əlimizdən gələni edəcəyik. Bunun üçün cavab görüşünü daha yaxşı keçirməliyik. Düzdü, asan olmayacaq. Heç nə əziyyətsiz başa gəlmir. Ancaq azarkeş dəstəyinizə ehtiyacımız olacaq”.