İlqar Qurbanov: Qorxulu nəsə yoxdu - MÜSAHİBƏ

İlqar Qurbanov: Qorxulu nəsə yoxdu  - MÜSAHİBƏ
14-07-2017 / 13:53 FUTBOL
6725

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Polşa “Yagelloniya”sı ilə qarşılaşan və 1:1 hesablı heç-heçə edən “Qəbələ”nin müdafiəçisi  İlqar Qurbanovun apasport.az sayına müsahibəsi

 

- Oyundan, yoxsa nəticədən razı qaldınız?

- Yeni qurulmuş komandadı, heyətin yarısı komandaya yayda dəvət edilib. Hazırda uyğunlaşma ilə bağlı zamana ehtiyac var. İstənilən halda, qələbə qazanmaq üçün oynayırdıq. Öz meydanımızda qalib gəlmək vacib idi.

 

- Amma tapşırığın öhdəsindən gələ bilmədiniz?

- Heç-heçə normal nəticədi. Nəzər alın ki, ağır məşqlərdən, yoxlama oyunlarından sonra bu qarşılaşmaya çıxdıq. Rəqib isə bizdən fərqli, artıq rəsmi oyunlar keçirib. Ən azı birinci mərhələdən başlayıblar və iki oyun keçiriblər. Bizimlə matçda əks-hücumlara üstünlük verirdilər. Çünki qol vurmaq üçün irəli çıxmışdıq. Belədə müdafiədə boşluqlar yaranırdı. Onlar da bizi bu cür yaxalamağa çalışırdılar. Əslində, qol vurmaq üçün şanslarımız az olmadı.

 

- Sona yaxın rəqibin əks-hücumlarına mane ola bilmirdiniz. Yorğunluq sözünü deyirdi?

- Çox yorulmuşduq. Buna baxmayaraq, çalışırdıq ki, sona qədər mübarizə aparaq.

 

- Avrokubok təcrübəniz çoxdu. Bu hesabla səfərə hansı ümidlə yollanacaqsınız?

- Futboldu, hər cür nəticə qeydə alına bilər. Əsas odu ki, düzgün yoldayıq. Rəqib Bakıda qol vurursa, burdan sərfəli nəticə ilə dönürsə, biz niyə bunu səfərdə reallaşdırmayaq?

 

- Amma bu hesab sizi səfərdə qol vurmağa məcbur edir. Deməli, təzyiq altında oynayacaqsınız...

- Heyətimizin əksər üzvləri təcrübəli futbolçulardı. Bu cür oyunlarda çox iştirak ediblər. Çalışmalıyıq ki, toplanışın yorğunluğunu üzərimizdən ataq. Görüşün ertəsi gün (bu gün) komandaya istirahət veriləcək. Yol yorğunluğunu, bu oyunun ab-havasını tamamilə unutmalıyıq. Cavab oyunu çox vacibdi.

 

- Heyətin yarısının yeni olmasını problemin mənbəyi hesab etmək olarmı?

- Problem elə burdan başlayır. Bir neçə futbolçu ölkəmizdə ilk dəfədi çıxış edir. Legionerlərimiz bu ab-havanı görməyiblər. Tədricən uyğunlaşacaqlar. Qorxulu nəsə yoxdu. Burda heç-heçə etmişiksə, səfərdə qələbə qazanmalıyıq.

 

- Avrokuboklarla erkən vida “Qəbələ”yə çempionatöncəsi ağır zərbə ola bilərmi?

- “Qəbələ” ardıcıl iki il qrupda oynayıb. Amma hər il mütləq bunu bacarmalıdı məntiqi də yoxdu. Əlbəttə, istəyirik və çalışırıq ki, seriyanı davam etdirək, mübarizədən qopmayaq. Bütün fikrimizi səfər matçına yönəldəcəyik ki, Bakıya növbəti mərhələnin iştirakçısı kimi dönək.