87 yaşlı yeni çempion – “Kukesi”

87 yaşlı yeni çempion – “Kukesi”
14-07-2017 / 15:33 FUTBOL
1870

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərindən olan “Kukesi”nin 87 yaşı var. Apasport.az saytının məlumatına görə, Albaniya təmsilçisi 1930-cu il martın 4-də yaradılıb.

 

Klubun ilk adı “Şöqeriya” olub. İkinci Dünya Müharibəsinin ardından ilk dəfə III liqada mübarizə aparan komanda 1958-ci ildə “Perperami” adını daşımağa başlayıb. 2010-cu ildə yenidən ad dəyişikliyinə gedən rəhbərlik bu dəfə “Kukesi” adını verib.

 

2012-13 mövsümündə ilk dəfə II liqa çempionu kimi elitaya vəsiqə qazanan “Kukesi” yüksək liqadakı ilk mövsümündəcə gümüş medala yiyələnərək, Avropa Liqasında iştirak hüququ qazanıb. Bundan sonra da ardıcıl 2 dəfə (2013-14, 2014-15) çempionatı 2-ci sırada tamamlayan, 2015-16 mövsümündə isə “bürünc”lə kifayətlənən klub, nəhayət ki, ötən mövsüm tarixinin ilk çempionluğunu qazanıb. “Kukesi” həmçinin 1 dəfə Albaniya kubokunu (2015-16), 1 dəfə də Superkubokunu (2016) muzeyinə aparıb.

 

2013-14 mövsümündə avrokuboklarda debüt etməsinə baxmayaraq, kifayət qədər təhlükəli rəqib olduğunu qısa müddətdə göstərməyi bacarıb. İlk mövsümündə Avropa Liqasında 3 mərhələ keçən albanlar yalnız pley-offda “Trabzonspor” səddinə “ilişiblər”. 2014-15 mövsümündə Avropa Liqası ilə erkən vidalaşan “Qarabağ”ın potensial rəqibi 2015-16 mövsümündə 2, ötən mövsüm isə 1 mərhələ adlaya bilib. Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan “göy-ağlar” Moldova çempionu “Şerif”lə keçirdiyi II mərhələnin ilk görüşündə səfərdə 0:1 hesabı ilə məğlub olub.

 

Yerli mütəxəssis Ernest Qyokanın başçılıq etdiyi komandada 8 əcnəbi oyunçu mövcuddu. Bunlar Braziliya (2), Kosovo (2), Makedoniya, İsrail, Xorvatiya və İspaniya təmsilçiləridi. Komanda ev oyunlarını Kukes şəhərində yerləşən “Zekir Emeri” stadionunda keçirir. Lakin 5000 tamaşaçı tutumuna malik stadion beynəlxalq standartlara cavab vermədiyindən, “Kukesi” avrokubokda rəqiblərini Albaniya yığmasının stadionu olan Elbasan şəhərinin eyniadlı arenasında (12800 tamaşaçı tutumu) qəbul edir.