“Avrokuboka hələ hazır deyilik” – “Zirə”nin potensial rəqibi

“Avrokuboka hələ hazır deyilik” – “Zirə”nin potensial rəqibi
17-07-2017 / 17:32 FUTBOL
986

“Təlim-məşq toplanışı zamanı yoldaşlıq görüşlərində güclü rəqiblərə qarşı yaxşı çıxış etdiyimizdən, “Olimpik”ə asanlıqla qalib gələcəyimizi düşünürdük. Matçdan öncə komandada əhval-ruhiyyə yüksək olsa da, oyunun əvvəlindən rəqibə uduzduq”. Apasport.az saytının məlumatına görə, bunu “Aleksandriya”nın baş məşqçisi Vladimir Şaran deyib.

 

Avropa Liqasında mübarizə aparan “Zirə”nin III təsnifat mərhələsindəki potensial rəqibi Ukrayna çempionatına uğursuz başlanğıc edib. Belə ki, “Aleksandriya” ilk turda doğma arenasında “Olimpik”ə məğlub olub (0:2).

 

Komandasının çıxışından narazılıq bildirən Şaran bunun qarşıdakı oyunlar üçün həyəcan təbili olduğunu bildirib: “Oyun göstərdi ki, meydanın rəqibə aid hissəsində yerlə dəqiq ötürmələr verməkdə çətinlik çəkirik. Xüsusən də, hücumda olduqca “dişsiz” görünürdük və əks-hücumlardan düzgün yararlana bilmirdik. “Olimpik”in müdafiə xətti bu gün bizə imkan vermədi. Əlbəttə ki, futbolçulardan narazı qaldım və bunu onlara bildirdim. Çünki qarşıdan çempionat oyunları ilə yanaşı, avrokubok matçları gəlir. Xüsusən də, Avropa Liqasında rəqiblər bu cür səhvləri bağışlamırlar. Düzdü, rəqibimizin kimliyini hələ bilmirik. Ancaq görünən odu ki, həm çempionata, həm də avrokuboka hələ tam hazır deyilik. Uşaqlar əllərindən gələni edəcəklər ki, qısa müddətdə formaya düşsünlər. Mövsüm yeni başlayır, hələ heç nə itirməmişik”.

 

Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə” – “Astra” cütünün qalibi ilə qarşılaşacaq. İlk görüşdə Rumıniyada 1:3 hesabı ilə məğlub olan təmsilçimiz Rumıniya klubunu iyulun 20-də “Dalğa Arena”da qəbul edəcək.