Şehiç “40”a çatır: “5”lə başlayan avrokubok macərası

Şehiç “40”a çatır: “5”lə başlayan avrokubok macərası
17-07-2017 / 18:42 FUTBOL
636

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə sabahkı cavab oyunu “Qarabağ”ın qapıçısı İbrahim Şehiç üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə. bosniya və herseqovinalı qapıçı avrokuboklarda 40-cı matçına çıxacaq.

 

29 yaşlı qolkiper qitəmiqyaslı turnirlərdə indiyədək 39 görüş keçirib. Bu oyunlardan 15-i Çempionlar Liqasına təsadüf edibsə, İbrahim Avropa Liqasının 24 qarşılaşmasında şans qazanıb.

 

Şehiç avrokuboklarda iki komandanın formasını geyinib. Vətənində “Jelezniçar”da çıxış etmiş qolkiper 2 oyunu bu klubda, 37 matçı isə Ağdam təmsilçisində keçirib.

 

İbrahimin debütü də doğma klubunda – Sarayevo təmsilçisində gerçəkləşib. 2010-cu il iyulun 13-də Çempionlar Liqasının II təsnifat mərhələsində “Jelezniçar” İsraildə “Hapoel”in qonağı olub. Təl-Əviv klubu qonaqların kapitanı olan Şehiçə “divan tutub”. Belə ki, 5:0 hesabı ilə qalib gələn meydan sahibləri bütün qolları ilk yarıda vurub. 38 dəqiqəyə 5 top buraxan Şehiç isə matçın sonunadək hesabın artmasına imkan verməyib.

 

Qeyd edək ki, sabah keçiriləcək “Samtredia” – “Qarabağ” matçı Tiflisdəki Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq.