“Buraxdığımız ilk qol planlarımızı pozdu” – Elxan Abdullayev

“Buraxdığımız ilk qol planlarımızı pozdu” – Elxan Abdullayev
11-08-2017 / 23:21 FUTBOL
2571

“Çempionatın startını səbirsizliklə gözləyirdik. Yaxşı başlamaq istəyirdik, amma alınmadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda “Qarabağ”ı qəbul edən “ağ-qaralar” 1:3 hesabı ilə məğlub olublar.

 

Matçdan sonra mətbuat konfransı keçirən Abdullayev bunları deyib: “İlk hissəyə baxanda fasilədən sonra yaxşı oynadıq. 1:3 hesablı məğlubiyyətdən sonra danışmaq çətindi. Azarkeşlərimiz bu gün yaxşı dəstək oldular. Belə alındı. Növbəti matçlarda qalib gəlməyə çalışarıq”.

 

- Elnur Cəfərovun oyunundan nə dərəcədə razı qaldnız?

- Matç əvvəldən planlaşdırdığımız kimi getmədi. Buraxdığımız ilk qol planlarımızı pozdu. Elnura vaxt lazımdı. Gənc futbolçudu, gələcəyi var. Nəsə alınmırdı, amma çalışırdı. Necə razı qala bilərəm ki, məğlub olmuşuq. Lakin perspektivi var.

 

- “Neftçi” rəqibinə nədə uduzdu?

- Mən istəyərəm ki, “Qarabağ” həmişə əsas heyətlə oynasın. Çünki çoxdan oynamayan futbolçular özlərini göstərməyi daha çox istəyirlər. İkinci heyət dediyiniz milli üzvlərindən ibarətdi. Təcrübə sözünü dedi. 7-8 ildi bir yerdə oynayan futbolçulardı. Amma bu o demək deyil ki, biz uduzmalıydıq.

 

- Səlahət Ağayev “İnter”in “Fola” ilə səfərdəki matçlarında da kobud səhvlərlə yadda qalmışdı. Onunla bağlı nə baş verir?

- Yəqin ki, özü analiz edəcək. “Fola” ilə oyunu müzakirə etmək istəmirəm. Bugünkü görüşə gəlincə, o epizodda çıxmamalı idi. Qapıda dayanıb, topu tutmağa çıxmasaydı, qol olmayacaqdı.

 

- Belə görünürdü ki, oyunu Derlis Meza Kollinin üzərində qurmuşdunuz. Komandaya yeni qoşulduğunu nəzərə alsaq, əsas heyətdə yer verməyə məcbur idiniz?

- Mən onun oyunundan razı qaldım. Ötürmələrdə səhvi, demək olar ki, olmur. Düzdü, çoxdandı oynamırdı. Amma mənə belə futbolçu lazımdı. Oyundan-oyuna artıracaq.

 

- İkinci hissədə “Neftçi”nin oyununda fərqə nə səbəb oldu?

- Başladıq pressinq etməyə. İlk dəqiqələrdən elə oynamaq istəmirdik. Planım o idi ki, üstünlüyü rəqibə verib, onları əks-hücumda tutmaq. Amma öz səhvlərimizdən qollar buraxdıq və bütün planımız pozuldu.