DÇ-2017: Millimiz mundialı 4 medalla tamamladı - YENİLƏNİB

DÇ-2017: Millimiz mundialı 4 medalla tamamladı - YENİLƏNİB
02-09-2017 / 19:46 DÖYÜŞ NÖVLƏRİ
4164

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın 6-cı gündə Azərbaycan millisinin daha 4 idmançısı tatamiyə çıxıb.

 

Kişilər

100 kq

Bu çəkidə iki idmançımız mübarizə aparıb. Təcrübəli Elxan Məmmədov yarışa 1/16 finaldan start verib. O, ilk görüşündə Kanada təmsilçisi Kayl Reyeslə üz-üzə gəlib. Bu rəqibini çətinlik çəkmədən məğlub edən Elxan 1/8-də ukraynalı Anton Savitskiyə də eyni aqibəti yaşadıb. 1/4 finaldakı rəqib isə rusiyalı Kazbek Zankişiyev olub. Bu dəfə də yenilməz olan Elxan adını yarımfinala yazıdırıb. Finalın bir addımlığında gürcü Varlam Lipartelianiyə uduzan Məmmədov bürünc medal uğrunda yarışmalı olub.

 

Elmar Qasımov da mundiala 1/16 finaldan başlayıb. İlk olaraq monqolustanlı Otqonbaatar Lxaqvasureni yolundan kənarlaşdıran cüdoçumuz 1/8 finalda Portuqaliya idmançısı Jorje Fonsekadan üstün olub. 1/4 finaldakı yaponiyalı Aaron Volf görüş isə uğursuz alınıb. Qasımov təsəlliverici görüşlərdə ilk olaraq belçikalı Toma Nikoforovla qarşılaşıb. Bu rəqibinə qalib gələn Elmar “bürünc” üçün komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb.

 

Görüşü qələbə ilə başa vuran Qasımov mundialı üçüncü pillədə tamamlayıb.

 

+100 kq

Ən ağır çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokouri ilk görüşündəcə braziliyalı Rafael Silvaya uduzaraq dünya çempionatı ilə erkən vidalaşıb.

 

Qadınlar

+78 kq

Bu çəkidəki təmsilçimiz İrina Kindzerskaya Essohanam Koro ilə üz-üzə gəlib. Afrikalı idmançını yolundan kənarlaşdıran İrina 1/8 finalda litvalı Santa Pakentyeni də məğlubiyyətə uğradıb. Növbəti rəqib – bosniya və herseqovinalı Larisa Seriç də idmançımız qarşısında aciz qalıb.

 

Yarımfinalda ilk dəfə məğlubiyyətlə tanış olan Kindzerskaya çinli Sonq Yudan zəif olub. Təmsilçimiz “bürünc” uğrunda isə hollandiyalı Tisse Savelkulsla qarşılaşıb. Rəqibinə qalib gələn İrina mundialı bürünc medalla başa vurub.

 

Qeyd edək ki, mundialın geridə qalan günlərində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıblar.