“İki raundda üstün olsam da, qələbəni mənə vermədilər” – Məhəmmədrəsul Məcidov

“İki raundda üstün olsam da, qələbəni mənə vermədilər” – Məhəmmədrəsul Məcidov
02-09-2017 / 21:21 DÖYÜŞ NÖVLƏRİ
4266

“Rəqibim gənc, güclü və cəld idmançıdı. Çalışmalıyam ki, onunla düzgün döyüşüm. Ona qarşı xüsusi bir planım və hazırlığım yoxdur. Görüşün gedişatında hər şey məlum olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov deyib.

 

Almaniyanın Hamburq şəhərində keçirilən kişilər arasında boks üzrə dünya çempionatında +91 kq çəki dərəcəsində finala yüksələn təmsilçimiz qazaxıstanlı Kamişbek Kunkabayevlə qarşılaşacaq.

 

Həlledici görüşdən öncə Qazaxıstan mətbuatına danışan Məcidov bir sıra maraqlı məqamlara toxunub: “Mən daha təcrübəli olsam da, Kunkabayev gəncdir. Qazaxıstan boks məktəbi çox güclüdür, ancaq nəticənin necə olacağına rinqdə aydınlıq gələcək”.

 

Məhəmmədrəsul 2013-cü ildə finalda qarşılaşdığı İvan Dıçko ilə döyüşü də xatırlayıb: “Bir dəfə finalda qalib gəldiyim Dıçko ilə Kunkabayev tamamilə fərqli üslubda döyüşürlər. İvan daha iri cüssəli və güclü idi. Qazax boksçu isə təmiz texnika ilə mübarizə aparır. 2013-cü ildə Almatada Dıçko ilə döyüşmüşdüm. İlk iki raundda üstün olsam da, qələbəni mənə vermədilər. Belə olan halda düşündüm ki, nəyisə dəyişmək lazımdı. Nokaut eləmək üçün xüsusi planım olmasa da, belə alındı və mən qalib gəldim. Dıçko karyerasını hazırda peşəkar səviyyədə davam etdirir. Açıq deyim ki, ona çox çətin olacaq. Fiziki olaraq çox artırmalıdır. Hər bir halda ona uğurlar arzulayıram”.

 

Təcrübəli idmançı komanda yoldaşı Kamran Şahsuvarlı haqqında sualı da cavablandırıb: “Əbilxan Amankulla həmyerlim Kamran Şahsuvarlının döyüşünü izlədim. Komanda yoldaşıma azarkeşlik edirdim. Şəxsi düşüncəm belədi ki, Kamran bu mübarizədə uduzmadı. Sadəcə sonda bir az yoruldu və belə olan halda qələbə qazana bilmədi”.