Dünya çempionatının yığmamıza faydası

Dünya çempionatının yığmamıza faydası
06-09-2017 / 10:09 DÖYÜŞ NÖVLƏRİ
3233

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, komandamızın yarışa qatılan aparıcı idmançılarının əksəriyyəti mövqelərini yaxşılaşdırıblar. Mundialı bürünc medalla başa vuran İrina Kindzerska (+78 kq) 10 pillə irəliləyib. Reytinq xalını 2263-ə çatdıran cüdoçu 8-ci yerə yüksəlib.

 

Budapeştdən gümüş medalla qayıdan Rüstəm Orucov (73 kq) 2-ci pillədəki mövqeyini qoruyubsa, Orxan Səfərov 4 rəqibini qabaqlamaqla 2-ci yerə qalxıb. Mundialda 7-ci olan Məmmədəli Mehdiyev (90 kq) də 4 pillə irəliləyib. O, siyahıda 12-cidi.

 

Dünya çempionatında bürünc medal alan Elmar Qasımov (100 kq) 2, onun 3-cü yer uğrunda məğlub etdiyi Elxan Məmmədov 1 pillə yüksəlib. Onlar müvafiq olaraq, 3-cü və 2-cidi. Hidayət Heydərov (73 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) isə mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 5-ci, 21-ci və 35-ci yerdədilər.

 

Millimizin digər üzvlərinə gəlincə, Rüfət İsmayılovla (81 kq) Tural Səfquliyev (+90 kq) hərəyə 3, Nicat Şıxəlizadə (66 kq) 4 pillə aşağı düşüb. İsmayılov 20-ci, Səfquliyev 16-cı və Şıxəlizadə 11-ci yerdə qərarlaşıb.

 

Dünya çempionatında cəmi 1 qələbə qazanan Nəzakət Əzizova (52 kq) isə hamıdan çox irəliləyib. O, 13 pillə yuxarı qalxmaqla, 43-cü yerə yüksəlib. Leyla Əliyeva (48 kq) da 1 rəqibini qabaqlamaqla, 53-cü yerə qalxıb.