David Luis: Nə qədər belə oyun keçirsəm...

David Luis: Nə qədər belə oyun keçirsəm...
12-09-2017 / 16:36 FUTBOL
423

“Stemford Bric”dəki oyunlar bizim üçün həmişə xüsusi olub”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin futbolçusu David Luis deyib.

 

London klubu Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcək.

 

Matçdan öncə “zadəganlar”ın rəsmi saytına açıqlama verən Luis maraqlı fikirlər səsləndirib. Braziliyalı müdafiəçi ÇL-də iştirakın onlar üçün vacib olduğunu vurğulayıb: “Əgər öz meydanımızda keçirdiyimiz oyun avrokubok matçıdısa, əhəmiyyəti daha çoxdu. Biz Çempionlar Liqasındakı ilk görüşü səbirsizliklə gözləyirik. Ötən il bu turnirdə yox idik. Avropa arenasında olmaq həmişə yaxşıdı. Çünki fərqli ölkələrin komandalarına qarşı oynayırsan. Bu, yüksək səviyyə deməkdi. Digər klubların heyətində də fantastik futbolçular var və meydanda onlarla qarşılaşırsan”.

 

30 yaşlı futbolçu bütün oyunlarda meydana çıxmaq istədiyini dilə gətirib: “Bir gün futbolla vidalaşacam. Buna görə də, imkan qədər çox oyun keçirmək lazımdı. Gərək bütün gücünlə mübarizə aparasan, nəyi bacarırsansa, göstərəsən. Futbolda əsas böyük matçların iştirakçısı olmaqdı. Nə qədər belə oyun keçirsəm, bir o qədər yaxşıdı”.

 

Qeyd edək ki, bu gün baş tutacaq “Çelsi” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.