Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi keçirildi

Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi keçirildi
12-09-2017 / 18:48 DİGƏR NÖVLƏR
287

Bu gün “Neftçi İdman Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının rəsmi açılış mərasimi təşkil olunub. Apasport.az saytının məlumatına görə, Qaradağ Təlim-İdman Bazasında təşkil olunan tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, həmçinin müxtəlif mötəbər yarışların çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə ilk olaraq Abdullayev çıxış edib. O bildirib ki, bu Spartakiadanın təşkili artıq ənənə halını alıb: "Növbəti yarışın açılışı münasibətilə hamını təbrik edirəm. Azərbaycanda idman sahəsinə dövlət qayğısı gündən-günə artır. Azərbaycanda iri idman layihələri həyata keçirilir. Bu günə qədər xeyli sayda olimpiya kompleksləri, müxtəlif idman qurğuları inşa olunub və bu istiqamətdə işlər davam edir. Bunun sayəsində yüksək səviyyəli idmançılar hazırlanır. Ölkəmizdə yüksək səviyyəli beynəlxalq turnirlərin keçirilməsi idmana olan qayğının sübutudu. "Neftçi İdman Klubu" daim idman qurumları arasında liderlərdən olub. Peşəkar idmançıların yetişdirilməsində klubun əvəzsiz rolu var. Bu ilin mayında Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 1-ci yer tutmasında klubun üzvlərinin qazandıqları 59 medal da öz töhfəsini verdi. Spartakiada iştirakçılarına uğurlar arzu edirəm. Hamınızı Neftçilər günü münasibəti ilə təbrik edirəm".

 

İsmayılov da yarışın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafından danışıb.

 

Qeyd edək ki, neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasında 31 müəssisənin komandası iştirak edir. Yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1238 nəfər iştirak edir. Onlardan 201-i qadındı. Spartakiada Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Start" İdman Kompleksində, güllə atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilir. Sentyabrın 11-də start götürmüş Spartakiadaya ayın 17-də yekun vurulacaq.