“Qarabağ”ın qəribə tərcüməçisi: Xəyal idi, gerçək oldu

“Qarabağ”ın qəribə tərcüməçisi: Xəyal idi, gerçək oldu
12-09-2017 / 21:19 FUTBOL
4905

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”ın oyunöncəsi mətbuat konfransı maraqlı hadisəyə səhnə olub. Apasport.az saytının məlumatına görə, ağdamlıların müdafiəçisi Yakub Jezniçak növbəti dəfə humanist hərəkətlə diqqət mərkəzinə düşüb.

 

“Çelsi” – “Qarabağ” matçı üçün öz ölkəsindən bir qrup əlil azarkeşi Londona aparan və stadionda yerləşdirən “qəssab” ləqəbli futbolçu daha bir gəncin sevincinə səbəb olub.

 

Londonda yaşayan 18 yaşlı Kuba Qoleç uzun müddətdir sevimli futbolçusu Yakub Jezniçakla görüşmək istəyirmiş. Polşada yaşadığı müddətdə onun belə bir şansı olmayıb, İngiltərəyə köçdükdən sonra isə imkanları bir az məhdudlaşıb.

 

Sevimli oyunçusunun komandası ilə birlikdə Londonda olduğunu bilən Qoleç ona məktub yazaraq görüşmək istədiyini bildirib. Gənc azarkeş hisslərini belə bölüşüb: “Kuba uzun müddət mənim ən sevdiyim futbolçu olub. Ancaq biz 6 il əvvə İngiltərəyə köçdük və görüşmək imkanlarımız əldən çıxdı. Onun Londona gəldiyini bildikdən sonra məktub yazdım. Kuba isə mənə sadəcə bilet verməyin faydasız olacağını, əvəzində isə komandası ilə birlikdə qaldığı mehmanxanaya gəlməyi təklif etdi”.

 

 

“O, çox əla oğlandır. Mənə öz hekayəsini danışdı. Oyuna gəlib mənimlə görüşmək istəyirmiş, ancaq bilet almağa pulu olmayıb. Biz onunla danışdıq, şəkil çəkdirdik və qərara gəldik ki, tribunada məni dəstəkləsin” – deyə Jezniçak bildirib. Polşalı müdafiəçi sözlərinə belə davam edib: “Onunla ayrıldıqdan sonra məni oyunöncəsi rəsmi mətbuat konfransına dəvət etdilər. İngilis dilində danışmağı bacarsam da, düşündüm ki, tərcüməçi ilə özümü daha yaxşı hiss edərəm. Ancaq həmin anda polyak və ingilis dili bilən tərcüməçi tapmaq çox çətin idi. Belə olan halda vəziyyəti özüm ələ aldım”.

 

“Kuba mənə zəng etdi və ingilis dilində yaxşı danışa bilib-bilmədiyimi soruşdu. Mən isə “bəli” cavabını verdim. Ardınca isə o, məndən mətbuat konfransında tərcüməçisi olmağımı istədi” deyə Qoleç bildirib. “Köynəyimi geyinib, taksiyə oturdum və sürətlə stadiona yollandım. Əvvəlcə kameraları görüb bir az stressə düşdüm, ancaq zaman keçdikcə özümü evdəki kimi hiss etməyə başladım” – bir zamanlar “Vest Hem”in aşağı yaş qruplarında oynamış, lakin sonrada futbolu atmış gənc Kuba sözlərinə davam edib.

 

 

“Konfrans bitən kimi Jezniçak mənə onunla gəlməyimi və komanda ilə yoldaşları tanış olmağımı təklif etdi. Sözün düzü bütün bunlar məni çox təəcübləndirdi. Belə gözəl bir xatirəm olacağını heç gözləmirdim” deyə polşalı azarkeş hisslərini ölkəsinin mətbuatı ilə bölüşüb.

 

Axşam isə Qoleç Yakubun digər dostları ilə birlikdə oyunu tribunadan izləyəcək. Onun son sözləri isə bu şəkildə olub: “Əvvəl mən onun sadəcə azarkeşi idim, indi isə deyə bilərəm ki, biz Kuba ilə dostuq. Hələ də inana bilmirəm ki, belə bir şey baş verib”.