"Qarabağ"a daha çox qol vura bilərdik" – Azpilikueta

14-09-2017 / 10:53 FUTBOL
3210

“Çempionlar Liqası heç də asan turnir deyil. Bununla belə, “Qarabağ”a qarşı yaxşı oyun sərgilədik”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin müdafiəçisi Sezar Azpilikueta deyib.

 

28 yaşlı sağ cinah oyunçusu Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən matçı dəyərləndirib. Klubun rəsmi saytına danışan ulduz futbolçu daha bir neçə qol şansını əldən verdiklərini də vurğulayıb: “Qarşılaşmaya sürətli start götürdük və son dəqiqəyə qədər bu tempi davam etdirdik. Bunun da mükafatını aldıq. “Qarabağ”a daha çox qol vurmaq şansımız var idi. Ən çox razı qaldığım məqam o idi ki, komandamız ilk dəqiqədən etibarən rəqibə görə oyun qurdu və bunu tətbiq etməyə çalışdı. Çünki bilirdik ki, yarışa uğurlu start götürmək çox vacibdi”.

 

“Qarabağ”a vurulan 3-cü qolun müəllifi olan İspaniya millisinin üzvü sentyabrın 17-də Premyer Liqanın V turu çərçivəsində “Arsenal”la keçiriləcək görüşdə də 3 xal hədəflədiklərini sözlərinə əlavə edib: “Premyer Liqada “Bernli”yə məğlubiyyət bizim üçün məyusedici olmuşdu. Bu nəticəni heç kim gözləmirdi. Lakin komandamız tezliklə toparlana bildi. İndi isə geriyə baxanda ardıcıl 3 qələbə qazanan komanda görürük. Üstəlik, olduqca çətin oyunlarda. Kollektivdə özünəinam daha yüksək səviyyədədi və bu cür də davam etməyə çalışacağıq. “Arsenal”a qarşı oyun hər zaman önəmli olub. Çünki bu, London derbisidi. Doğrudu, onlar artıq iki oyunda məğlub olublar. Ancaq biz öz oyunumuzu və “Stemford Bric”də doğma azarkeşlərimiz önündə qələbə qazanmağı düşünürük. Belə görüşlərdə stadiondakı atmosferi çox gözəl bilirik. Qələbə seriyasını “Arsenal” üzərində də davam etdirməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Stemford Bric”də keçirilən “Çelsi” – “Qarabağ” qarşılaşması birincilərin 6:0 hesablı qələbəsi ilə nəticələnib.