“Məni Rəşada bənzədirlər” - MÜSAHİİBƏ

“Məni Rəşada bənzədirlər” - MÜSAHİİBƏ
07-10-2017 / 12:38 DÇ-2018
3699

Azərbaycan millisinin və “İnter” klubunun müdafiəçisi Tərlan Quliyevin apasport.az saytına müsahibəsi

 

- Rəşad Sadıqovun vida matçında hər kəs daha istəkli komanda gözləyirdi. Ancaq belə olmadı. Çexiyaya məğlubiyyətin (1:2) səbəbi nə idi?

- Hamı bilirdi ki, ağır olacaq. Çünki Çexiyanın heyətində dəyişikliklər çox idi. Şimali İrlandya ilə matçlarını izləmişdik. İlk dəqiqələrdə belə görünürdü ki, qələbə qazanmaq olar. Çünki müdafiədə boşluqlar buraxırdılar. Sanki əvvəlki oyunlara nisbətən uşaqlarda elə də çox həvəs yox idi. Yəni uduzulası oyun deyildi.

 

- Bir mərkəz müdafiəçisi kimi, necə düşünürsən, Rəşad Sadıqovun gedişindən sonra onu kim əvəz etməlidi?

- Bu barədə qərarı məşqçilər verir. Əgər milliyə gəlirəmsə, hazır olmaq mənim borcumdu. San Marino ilə matçda olduğu kimi, şans versələr, özümü göstərərəm. Doğrudu, ilk vaxtlar Rəşadın yerini doldura bilmərəm. Ən azı cəhd edərəm. Ümumiyyətlə, inanmıam ki, bundan sonra Rəşadın yerini dolduran olsun. Kimsə güclü futbolçu ola bilər, amma Rəşad kimi lider yaxın 10 ildə gözləmirəm

 

- Kapitan keyfiyyətlərini özünüzdə görürsünüzmü?

- Komanda yoldaşlarım öz aralarında söhbətdə az da olsa, məni Rəşada bənzədirlər. Birinci ötürməyə, tez fikirləşməyə görə. Çağırıldığım müddətdə həmişə oynamağa çalışmışam.

 

- AÇ-2020-nin final mərhələsinə vəsiqə, əslində real görünmür. Rəşadsız bu nə dərəcədə mümkün olacaq?

- Bundan əvvəl də cəhd edirdik, alınmırdı. Azərbaycan kimi kiçik ölkələrdə belə liderlər olmalıdı, böyük rəqiblərlə görüşdə mübariz keyfiyyətlər ortaya qoya biləsən. Ustalıq cəhətdən Norveçdən, Çexiyada aşağı ola bilərik. Onlar İngiltərə, biz isə Azərbaycan çempionatında oynayırıq. Rəşad kimi futbolçu olmalıdı ki, komandada ruh yüksəkliyi yaratsın, ən azı “vuruşaq”. Biz ancaq “vuruşub” qələbə qazanmışıq. Belə rəqiblər önündə keyfiyyətli oyun sərgiləmək, onları 20 dəqiqə təzyiq altında saxlamaq çətin məsələdi.

 

- Komanda seçmə mərhələyə uğurlu start götürdü və hər kəs dünya çempionatının xəyallarını qurmağa başladı. Qırılma anı harda oldu: Robert  Prosineçkinin adının “Bursaspor”la hallanmasında, yoxsa Şimali İrlandiyaya məğlubiyyətdə?

- Bunu Prosineçki ilə ilə əlaqələndirməzdim. 1-2 oyun çıxmaq şərti ilə bütün toplanışlara məni çağırıb. Şəxsi işini heç vaxt oyunlara qatmayıb. Qırılma anı Şimali İrlandiya ilə Bakıdakı bəxtsiz oyunda oldu.

 

- Bir qədər də “İnter” barədə danışaq. Neçə aydı maaş almırsınız?

- Avqust və sentyabrın maaşlarını almamışıq. Prezidentimiz Zaur Axundovun dediyinə görə, yaxın günlərdə bir ayın maaşı verilməlidi. Biz də gözləyirik. Bu gün “İnter”də çox çətinliklər var.

 

- Komandanın gözlənilən oyunu sərgiləməməsi maliyyə problemi ilə bağlıdı?

- Bu mövsüm oyunçu qıtlığı var. Ötən mövsüm Səlahət Ağayev, Ağabala Ramazanov, Ruslan Abışov, Rauf Əliyev kimi oyunçulara sahib idik. Komandada 23 nəfərlik heyət olmalıdı. Amma biz 18-19 nəfəri düzəldə bilmirik. 11 nəfər meydanda olur, 7 nəfər ehtiyatda otrurur. Həmin 7 nəfərin də 5-i 1999-2000-ci il təvəllüdlüdü.

 

- Manuel Skarlatake deyib ki, qışda transferlər olmasa, burdan gedəcək. Yeni oyunçular gətirilməsə, siz hansı qərar verəcəksiniz?

- Skarlatake düz deyib ki, eyni heyətlə oynamaq çox çətin olacaq. İndidən tab gətirə bilmirik. Qarşıda “Qarabağ”la görüş gəlir. Bilmirik onlara qarşı necə mübarizə aparacağıq. Söz veriblər. Amma digər tərəfdən kluba müəyyən büdcə ayrılıb. Yeni oyunçu gətirmək üçün də kimisə yola salmalısan. Yenə kasad heyət olacaq. Bəlkə qış fasiləsində büdcəni artırdılar.

 

- Oyunlar zamanı futbolçular bir-birlərinə qarşı aqressiv görünürlər. Elə VII turda “Neftçi” (0:2) ilə qarşılaşmanın gedişində siz bir neçə dəfə Pərdis Fərcad-Azadla mübahisə etdiniz. Bu da maliyyə ilə bağlıdı?

- Pərdis xətrini çox istədiyim insandı. Sadəcə, küsür. Ona görə əsəbləşirdim, ona deyirdim ki, küsməyin yeri deyil. Matçdan sonra həmişəki kimi qucaqlaşdıq.

 

- Ümumiyyətlə, Pərdis bu mövsüm bütün görüşlərdə oynayacağını bildiyi üçün sanki “ulduz xəstəliyi”nə tutulub...

- Mən onu yaxşı tanıyıram. “Ulduz xəstəliyi”nə tutulmayıb. Amma rəqabət olmadığı üçün arxayınlaşıb. Ötən mövsüm əsas hücumçumuz Rauf idi. Pərdis də məşqlərdə var gücü ilə çalışırdı ki, şans əldə etsin.

 

- Həftəsonu komandanın adının dəyişdirilməsi gözlənilir. “Keşlə” adı altında çıxış etmək qəribə gəlmir?

- Bakının 90 faizi “İnter” adını dəstəkləyirdi. Amma mən dəstəkləməyən 10 faiz içindəyəm. Keşlədə doğulduğum üçün bu dəyişiklik ürəyimcədi.

 

- “Neftçi” sizin xidmətinizdə maraqlıdı. Qış fasiləsində təklif gəlsə, gedərsinizmi?

- Mövsümün sonuna qədər “İnter”lə müqaviləm var.

 

- Maaş problemi davam etsə də, iyun ayına qədər gözləyəcəksiniz?

- 2-3 aydı dözürük. Hamının evdə ailəsi var. Bundan o tərəfə getsə, əlbəttə ki, nəsə fikirləşməli olacağıq.

 

Ruslan SADIQOV / Kayzerslautern