Kayzerslauterndə buraxılacaq ilk qol...

Kayzerslauterndə buraxılacaq ilk qol...
07-10-2017 / 13:48 DÇ-2018
424

Azərbaycan millisi oktyabrın 8-də növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsindəki son oyununda Almaniya ilə görüşəcək.


Bu, komandamızın 25 illik tarixində 234-cü matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız arxada qalan müddətdə 233 qarşılaşmada meydana çıxıb.

 

Millimiz indiyədək 44 qələbə qazanıb. 62 dəfə heç-heçə edən komandamız 127 məğlubiyyət alıb. Millimiz bu matçlarda 169 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 395 qoluna üzülüb.

 

Komandamız dünya və qitə çempionatlarının seçmə mərhələlərində 118-ci sınağına çıxacaq. Özünün 12-ci tsiklində çıxış edən milli 13 qələbə qazanıb, 23 heç-heçə edib və 81 dəfə uduzub. Əvvəlki 117 matçda 64 qol vuran futbolçularımız rəqiblərin 246 topuna şahid olub.

 

Yığmamız DÇ-nin seçmə mərhələlərində 58-ci görüşünə çıxacaq. İndiyədək 57 belə oyunda qüvvəsini sınayan millimiz 7 qələbə qazanıb, 14 heç-heçə edib və 36 dəfə uduzub. Futbolçularımız 28 qol vurduğu matçlarda 99 top buraxıb. Almaniyada buraxılacaq ilk qol 100-cü olacaq.

 

Almaniya ilə görüş yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin millimizdə 23-cü sınağı olacaq. 2015-ci ildə millidə debüt edən mütəxəssis 6 qələbə və 6 heç-heçə ilə yanaşı, 10 məğlubiyyət də yaşayıb. Millimiz top fərqində də məşqçisini üzüb - 21:32.

Kayzerslauterndəki qarşılaşma xorvatiyalının seçmə mərhələlərdə 16-cı sınağıdı. Əvvəlki 15 matçda 4 qələbə və 4 heç-heçəsi olan komandamız 7 dəfə uduzub. Həmin görüşlərdə 14 qol vuran futbolçularımız 21 top buraxıb.