"Nəyə qadir olduğumuzu göstərməyin vaxtıdı"

11-10-2017 / 00:22 FUTBOL
2189

“Araz” futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu bu gün Bosniya və Herseqovinanın “Mostar” klubuna qarşı keçirəcək. Azərbaycan çempionunun əsas oyunçularından olan Eduardo apasport.az saytına müsahibə verib.

 

- İlk oyuna çıxacaqsız. Həyəcan varmı?

- Komanda olaraq oyuna hazırıq. İki aydan artıq vaxtdı ki, bu matçlar üçün hazırlaşırıq. İndi nəyə qadir olduğumuzu göstərməyin vaxtıdı. Məşqlərdə axıtdığımız tərin qarşılığını görmək üçün mütləq qələbə qazanmalıyıq. Qaldı həyəcana, biz dəfələrlə bu cür və bundan gərgin oyunlarda iştirak etmişik. Həyəcan yox, məsuliyyət var.

 

- Rəqib haqda nə düşünürsüz?

- “Mostar” mübarizəyə birinci mərhələdən başlasa da, buraya qədər yüksələ bilib. Bu onların güclü olduğunu göstərir. Heyətlərində Bosniya və Herseqovina millisinin də futzalçıları çoxdu, üstəlik apreldə həmin yığma komandaya qarşı da oynamışıq. Təbii ki, bu fərqli yarışdı. Baş məşqçi necə oynamalı olduğumuzu məşqlərdə göstərib. Əlbəttə, başlanğıcdan çox şey asılıdı.

 

- Tanış oyunçularla qarşılaşmaq çətin olmayacaq?

- Onların oyunu yadımdadı. Millinin üzvlərindən başqa, braziliyalı və serb futzalçıları da var. Baş məşqçiləri də braziliyalıdı. Yaxşı təşkilatlanmış komandadı, amma bizim də məqsədimiz var. Çalışmalıyıq ki, qələbə ilə başlayaq və bu tempdə davam edək.

 

- Onsuz da, “Araz” qrupun aşkar favoriti hesab edilir...

- Kimsə belə düşünə bilər, amma bu, UEFA kuboku yarışıdı. Burda zəif rəqib olmur. Qrupumuzda kifayət qədər güclü komandalar yer alıb. Hər bir iştirakçı mübarizəni növbəti mərhələdə davam etdirmək istəyir, buna görə də ciddi hazırlaşıblar. Maksimum dərəcədə diqqətli olmalıyıq. "Biz də favoritik" deyib, meydana çıxsaq, arzulamadığımız nəticə ilə üzləşə bilərik.

 

- Oyunöncəsi hansı məqam sizi narahat edir?

- Hər şey qaydasındadı. Yaxşı hazırlaşmışıq, heyətimizi gücləndirmişik. Yeganə çatışmazlıq Qalonun bizimlə olmamasıdı. O, məşqdə zədələndiyi üçün əməliyyat olunub. Qalan oyunçu yoldaşlarım gərgin mübarizəyə hazırdı.