Alesio da Silva: Heç bir rəqibdən ehtiyatlanmıram

Alesio da Silva: Heç bir rəqibdən ehtiyatlanmıram
11-10-2017 / 10:18 FUTBOL
2063

UEFA kubokunun əsas mərhələsində bu gün ilk oyununu keçirəcək “Araz”ın baş məşqçisi Alesio da Silva AFF-nin rəsmi feysbuk səhifəsinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bir çox məqama toxunub.


- Komandanın son durumu ilə bağlı hansı məqamları qeyd edərdiniz?
- “Araz”ın bu turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm. Çünki heyətimizdə bir zədəli və bir yeni futzalçı var. Ümumi götürdükdə, komanda oyunlara təxminən 90 faiz hazırdı.

 
- Yüksək Liqada keçirdiyiniz 2 matçda komanda heç də istənilən səviyyədə çıxış etmədi. Bunun səbəbini nədə görürsünüz?

- Düzdü, istədiyim oyunu hələ nümayiş etdirə bilmirik. Amma EKOL-la zəif çıxış etdiyimizi deməzdim. Əksinə, yaxşı oynadıq. “Yasamal”la görüşə gəldikdə, uşaqlar bir qədər ehtiyatlı davranırdılar. Əksəriyyəti UEFA kubokundakı oyunları düşünərək, zədələnməkdən qorxurdular. Həm də bütün rəqiblər bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparırlar. İstəyirlər ki, “Araz”la oyunlarda özlərini yaxşı tərəfdən göstərsinlər.
 

- Yeni gələn futzalçılar komandaya tam uyğunlaşa biliblər?
- Üç futzalçı dəvət etmişdik. Sonuncu gələn Maykondu, yaxşı futzalçıdı, amma uyğunlaşması üçün vaxt lazımdı. Bir müddət idi oyunlarını izləyirdik və razı qaldığım üçün komandaya götürdük. 
 

- Rəqiblər haqda nə düşünürsüz?
- Asan qrupda yer almamışıq, əksinə, güclü komandalarla qarşılaşacağıq. İlk oyunda “Mostar”la üz-üzə gələcəyik ki, bu komandanın heyətinin 70-80 faizini Bosniya və Herseqovina millisinin üzvləri təşkil edir. Ondan başqa, 3 braziliyalı futzalçı dəvət ediblər, baş məşqçiləri də həmyerlimdi. Bir sözlə, zəif komanda deyillər. İkinci oyundakı rəqibimiz Malta təmsilçisidi, amma heyətlərində tək-tük yerli futzalçı var. Komandanın özəyini xorvatiyalı futzalçılar təşkil edir ki, onlardan da biri Xorvatiya millisinin üzvüdü. Braziliyalı oyunçuları da var. Qapıda isə Norveç millisinin qolkiperi dayanır. Qrupdakı son rəqibimiz olan “Deva” isə Rumıniya millisinin üzvlərindən qurulub, yığmanın bazasıdı. Kifayət qədər təcrübəli futzalçıları var. Baş məşqçiləri ispandı. O da düşərgəyə 2 braziliyalı futzalçı dəvət edib. Yeri gəlmişkən, Rumıniya millisi də Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
 

- Daha çox hansı rəqibdən ehtiyatlanırsınız?
- Açığı, heç bir rəqibdən ehtiyatlanmıram. Qrupun favoriti olduğumuzu da demək istəməzdim. Ancaq elit-raunda qrup qalibi kimi yüksəlməliyik. Çünki reytinqimiz, avrokuboklardakı təcrübəmiz bizi buna məcbur edir. Konkret hansısa rəqibi fərqləndirməli olsam, “Deva”nın adını çəkərdim. Üstəlik, onlar meydan sahibidi.


- Səfərə az vaxt qalmış Emin Kürdovu heyətə dəvət etməyiniz hansı zərurətdən yarandı?
- Anar Məmmədov bizim ikinci qapıçıdı. Sadəcə, qapıçıların məşqini izləyən zaman Anarın zədəsinin olduğunu və tam gücü ilə məşq edə bilmədiyini gördüm. Bundan ehtiyatlandım, fikirləşdim ki, birdən Rövşən qırmızı vərəqə alar və ya zədələnər, Anar isə bu vəziyyətdə onu əvəz edə bilməz. Ona görə də, Emin Kürdovu komandaya dəvət etdim.