“Azəryol” Avropa Həndbol Federasiyasını aldada bilmədi

“Azəryol” Avropa Həndbol Federasiyasını aldada bilmədi
13-10-2017 / 11:41 TOP OYUNLARI
3555

Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “Azəryol” həndbol klubunun avrokubok üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Nur”un ardınca ABU-nun xələfi də Avropa Həndbol Federasiyasına (EHF) əsasən əcnəbilərdən ibarət heyət təqdim edib.

 

Belə ki, 15 nəfərlik komandada cəmi 6 yerli həndbolçuya yer verilib. Bunlar İranə Qasımova, Yana Qornak, Gülzar Quliyeva, Rəna Nəsrəddinova, Səbinə Nuriyeva və İnarə Yusubovadı.

 

Digər 9 idmançı isə 3 ölkəni təmsil edir. Maraqlıdı ki, bu dəfə Azərbaycan Həndbol Federasiyası İslam Həmrəyliyi İdman Federasiyası kimi EHF-i aldada bilməyib. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında yığmamızın heyətində azərbaycanlı kimi göstərilən Anastasiya Metelska bu dəfə Ukrayna, Oksana Orexova ilə Mariya Raçitelyeva Rusiya vətəndaşı kimi göstərilib.

Onlarla yanaşı, Monteneqrodan Militsa Qrbavçeviç, Mariya Stankoviç, Ukraynadan Yelizaveta Hilyazetdinova, Vlada Kosmina, Rusiyada isə Darya Rusinova da “Azəryol”un uğurları üçün çalışacaq.

Qeyd edək ki, Bakı təmsilçisi “Çelenc Cup”ın III təsnifat mərhələsində Lüksemburq “Dudelanj”ı ilə üz-üzə gələcək. Oyunlar noyabrın 18-də və 19-da səfərdə keçiriləcək.