“Himni oxumaq vətənə sevgini göstərmir” – Qurban Qurbanov

“Himni oxumaq vətənə sevgini göstərmir” – Qurban Qurbanov
13-10-2017 / 17:45 FUTBOL
3806

“Həmişəki kimi, bu gün də “İnter”ə qarşı oynamaq çətin idi. Futbolçular sona qədər əllərindən gələni etdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam təmsilçisi Azərbacan Premyer Liqasının VIII turunda “İnter” üzərində səfər qələbəsi qazanaraq (2:0) liderliyini davam etdirib.

 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Rəqibin çox yaxşı oyun üslubu var, futbolçuları mübarizə aparırlar. Buna baxmayaraq, futbolçularımız sona qədər qol vurmağa çalışdılar”.

 

- Rəşad Sadıqov və Dani Kintananın oynamaması süni örtüklə bağlı idi?

- Demək olar ki, bəli. Rəşadda da yüngül zədə var, komandaya tam qoşulmayıb. Daninin oyunu buraxmaq ehtimalı var idi. Vəziyyəti elə də ciddi deyildi. Sadəcə, istəmədim ki, meydanda olsun.

 

- Miçel “Atletiko” ilə Çempionlar Liqası matçına qədər sağalacaq?

- Miçelin məşqdə ayağında ağrı olmuşdu. Hələ tam dəqiq məlumat verə bilməyəcəm. Oynamaq ehtimalı var.

 

- Dino Ndlovu son dəqiqələrdə zədələndi. Vəziyyəti necədi?

- Elə güclü zərbə olmadı. Topa zərbə zamanı rəqib oyunçu ayağına vurdu.

 

- Rahid Əmirquliyev millidə himni oxumadığı üçün tənqid olunub. Buna münasibətiniz necədi?

- Sizcə, Rahidi içəri salmaq lazımdı? Bu barədə düşünməmişəm. Rahid bundan əvvəl də yığmada komandanı kapitan kimi meydana çıxarıb. Himni oxumaq vətənə olan sevgini göstərmir. Kimsə oxuyursa, o demək deyil ki, vətəni başqasından çox sevir. Rahidin vətənə olan sevgisini hamımız bilirik. Bu oyunçular 10-15 il Azərbaycan futboluna xidmət edib, nümunəvi olublar. Belə futbolçulara hörmətlə yanaşmaq lazımdı. Rahidə insan kimi həmişə qibtə etmişəm.

 

- Ağabala Ramazanov çoxdandı niyə görünmür?

- Zədəlidi, fərdi qaydada məşq edir. 1-2 günə komandaya qoşula bilər.

 

- Ramil Şeydayev Almaniya ilə matçı yüksək səviyyədə keçirsə də, bu gün meydana çıxmadı...

- Bəzən oyunun gedişatına görə fərqli sistem qura bilirsən. Bu gün Maksimi də meydana buraxmaq istəyirdim. Amma bəzi səbəblərdən alınmadı. Oyunun gedişatı bizi başqa dəyişikliklərə vadar etdi.