“Qəbələ” qərar verməyə tələsmir

“Qəbələ” qərar verməyə tələsmir
12-11-2017 / 19:43 FUTBOL
2235

Bu gün “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “Səbail”lə qarşılaşan “qırmızı-qaralar” görüşdən 1:1 hesablı bərabərliklə ayrılıblar.

 

Bir neçə gündür komandanın düşərgəsində olan və baxışdan keçirilən iki futbolçu – Kevin Penan və Abdul Karim Konte də bu oyunun iştirakçısı olublar. İlk hissədə meydanda olan və 45-ci dəqiqədə komandasının yeganə qoluna imza atan kolumbiyalı Penan ikinci hissədə yerini Konteyə verib.

 

Qarşılaşma başa çatdıqdan sonra saytımıza açıqlama verən klubun meneceri Səbuhi Səfiyarlı sınaqdan keçirilən oyunçuların taleyinə hələ aydınlıq gəlmədiyini bildirib: “İki sınaq matçında yoxlanılan oyunçular haqqında Roman Qriqorçuk qərar verməyə tələsmir. Futbolçular özləri də bir müddət komandanın düşərgəsində qalmağın və məşqlərə davam etməyin tərəfdarıdı. Hələlik baş məşqçi son fikrini açıqlamayıb, həftənin ortasına qədər daha bir neçə məşqdə yoxlanıldıqdan sonra onlar haqqında yekun qərar veriləcək”.

 

Klub rəsmisi zədəli oyunçuların son durumu haqqında da məlumat verib: “Komandada yeganə uzunmüddətli zədəsi olan futbolçu Rasim Ramaldanovdur. Ruslan Qurbanov və Filip Ozobiçlə birlikdə ötən gün yüngül xəsarət alan Baqali Dabo və Stiv Monroz da “Neftçi” ilə oyunda komandanı heyətində olacaqlar. Ramaldanov xaricində bütün futbolçular baş məşqçi şans verəcəyi halda meydana çıxmağa hazır olacaqlar”.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu noyabrın 19-da baş tutacaq.