“Ndlovu oynasaydı...” – baş məşqçi tənqidlə üzləşdi

“Ndlovu oynasaydı...” – baş məşqçi tənqidlə üzləşdi
13-11-2017 / 10:40 FUTBOL
3133

DÇ-2018-in seçmə mərhələsində öz meydanında Seneqala uduzan (0:2) CAR yığmasının baş məşqçisi Stüart Bakster ölkəsində tənqidlə üzləşib. Apasport.az saytı xəbər verir ki, yerli mətbuat təcrübəli çalışdırıcını bu oyuna buraxdığı heyətə görə qınayıb.

 

Komandanın özünə əmin olmadığını və stabil oyun göstərməyi vurğulayan həmkarlarımız bəzi futbolçuların “11-lik”dən kənarda qalmasına sərt reaksiya göstəriblər. Bakster “Qarabağ”ın hücumçusu Dino Ndlovuya görə də tənqid atəşinə tuş gəlib.

 

Belə ki, start heyətdə yer alan “Konyaspor”un forvardı Leboqanq Manyamanın çıxışı CAR mediasını razı salmayıb. Onlar komandanın irəli xətdə “dişsiz” olduğunu vurğulayıblar və bunun günahını baş məşqçidə görüblər. Yazıda qeyd olunub ki, Bakster ön xətdə Manyamanın əvəzinə Bredli Qrobler və ya Dino Ndlovuya şans verməli idi. Onlar bunu Qrobler və Ndlovunun fiziki cəhətdən daha güclü olması ilə əlaqələndiriblər. Həmkarlarımızın fikrincə, Qrobler və ya Ndlovu oynasaydı, Manyamadan fərqli, Seneqalın güclü müdafiə xəttini təzyiq altında saxlaya bilərdi.

 

Qeyd edək ki, Seneqalla ilk matçda ehtiyatda qalan Dino Ndlovunun ayın 14-də Dakarda keçiriləcək qarşılaşmada meydana çıxacağı gözlənilir.