Beyllə Prosineçkinin oxşar taleyi

Beyllə Prosineçkinin oxşar taleyi
13-11-2017 / 12:30 FUTBOL
312

“Real”ın hücumçusu Qaret Beylin növbəti dəfə zədələnməsi İspaniya mətbuatında müzakirə mövzusuna çevrilib. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, uelsli futbolçu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə müqayisə edilib.

 

Bu günlərdə 1 aylıq sıradan çıxan Beyl “Real”da olduğu 5-ci mövsümündə 19-cu dəfə zədələnib. “Real” tarixinin zədədən ən çox əziyyət çəkən oyunçularının siyahısını dərc edən nəşr Prosineçkini də bura əlavə edib. Belə ki, 1991-1994-cü illərdə “kral klubu”nun formasını geyinmiş xorvatiyalı oyunundan çox zədəli olması ilə yadda qalıb.

 

Həmçinin Conatan Vudqeyt (2004-2006), Aryen Robben (2007-2009), Kaka (2009-2013), Nuri Şahin (2011-2013) və Rafael Varan da (2011-...) madridlilərə zədə ucbatından lazımi qədər xeyir verməyən futbolçular sayılır. Həmkarlarımızın araşdırmasına görə, Beyl “Real”da meydanda olduğu hər oyuna görə, 4 milyon dollar qazanır.

 

Qeyd edək ki, 2013-cü ildə “Tottenhem”dən 100 milyon avroya transfer edilən Qaret Beyl “Real”ın heyətində bütün turnirlərdə 159 oyun keçirib, 70 qola imza atıb.