“Futbolçularımız Azərbaycan səfərində təəccübləndilər”

“Futbolçularımız Azərbaycan səfərində təəccübləndilər”
13-11-2017 / 13:10 FUTBOL
1183

“Qrupdakı rəqiblərimiz arasında fərq qoymuruq. Bütün komandalarla oyunlar bizim üçün yeni təcrübədi”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Almaniya yığmasının baş məşqçisi Ştefan Kunts deyib.

 

AÇ-2019-un seçmə mərhələsində Bakıda Azərbaycan millisi üzərində böyükhesablı (7:0) qələbə qazanan Bundestim sabah İsraillə səfərdə üz-üzə gələcək.

 

Qarşılaşma öncəsi yerli mətbuata müsahibə verən Kunts bu matçların önəmindən bəhs edib. O, 7 cavabsız qolla qalib gəlmələrinə baxmayaraq, Azərbaycan səfərinin futbolçuların inkişafı üçün vacib olduğunu vurğulayıb: “Kiçik ölkələrin yüksək liqalarında mübarizə aparan futbolçulara qarşı oyun keçirmək gənclər üçün önəmlidi. Futbolçularımız səyahət edərək yeni ölkələr və mədəniyyətlərlə tanış olurlar. Uşaqların Azərbaycan və İsrail səfərlərində təəccübləndiklərini gördüm. Bu, onlar üçün yeni təcrübədi. Biz həmişə çalışırıq ki, səfərlərimizi ictimai qurumlarla birlikdə edək. Məsələn, İsrailə gələrkən Qüdsü gəzdik. Bütün bunlar futbolçuların şəxsi karyeraları üçün vacibdi”.

 

Qeyd edək ki, Almaniya millisi 4 oyundan sonra 9 xalla qrupda 2-ci pillədə qərarlaşıb. Azərbaycan yığması isə aktivinə hələ xal yazdırmayıb.