Robert Prosineçkinin ümidi puç olur

Robert Prosineçkinin ümidi puç olur
13-11-2017 / 15:07 FUTBOL
2864

Azərbaycan millisi ilə müqaviləsinin müddəti gələn ay başa çatacaq Robert Prosineçkinin Sloveniya yığmasını çalışdırmaq istəyi həyata keçməyə bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcının namizədliyi arxa plana keçib.

 

Bir müddət öncə Tomaj Kavçiç və Matyaj Keklə müqayisədə Prosineçkinin bu posta keçmək şansı daha yüksək qiymətləndirilsə də, vəziyyət dəyişib. Belə ki, Sloveniya Futbol Assosiasiyası millini daha təcrübəli məşqçiyə etibar etmək niyyətindədi. Bu səbəbdən italiyalı mütəxəssis Edoardo Reya ilə danışıqlara start verilib. 72 yaşlı məşqçi indiki məqamda digər namizədlərdən bir addım öndə sayılır. Onun “Hayduk”un “sükanı arxası”na keçəcəyi gözlənilsə də, təyinat baş tutmayıb. Sloveniya Futbol Assosiasiyası da bundan yararlanmaq arzusundadı.

 

Bu vaxta qədər “Verona”, “Bolonya”, “Leççe”, “Breşiya”, “Torino”, “Cenoa”, “Napoli” və “Latsio” kimi klubları çalışdırmış Reyanın son iş yeri ötən il ayrıldığı “Atalanta” olub. Sloveniyalılar hazırda işsiz qalan mütəxəssisə məşqçilik karyerasında ilk dəfə milli komandanı çalışdırmaq imkanı yaratmaq istəyirlər.

 

Reya açıqlamasında assosiasiya rəhbərliyi ilə danışıq apardığını təsdiqləyib: “Təbii ki, Sloveniya yığmasını çalışdırmaq istəyirəm. Assosiasiya prezidenti Radenko Miyatoviçlə görüşdüm. Bir araya gəlib, müzakirələr apardıq. Amma aramızda konkret razılıq hələ əldə olunmayıb. Belə baxanda tələsməyə ehtiyac yoxdu. Çünki vaxt var. Sloveniya yığması növbəti oyununu gələn ilin martında keçirəcək”.

 

Sloveniya futbol ictimaiyyəti, həmçinin azarkeşlərin böyük qismi millinin baş məşqçisi postunda məhz Reyanı görmək istəyir. Bu isə Prosineçkinin təyinatının baş tutmaq ehtimalını azaldır.