“Milliləşdirilmiş futbolçular nə çempionatda oynayırlar, nə də əsas yığmamızda”

“Milliləşdirilmiş futbolçular nə çempionatda oynayırlar, nə də əsas yığmamızda”
14-11-2017 / 11:47 FUTBOL
3750

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, hazırda “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasını çalışdıran Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi

 

- 21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Kosovo ilə qarşılaşacaq. Hazırda gənclərlə işləyən məşqçi kimi, komandamızdan hansı nəticəni gözləyirsiz?

- Yaxşı nəticə gözləyirəm. Arzum budu ki, milli baxımlı oyun göstərsin və uğurlu nəticə əldə etsin.

 

- Yığmanın hazırkı vəziyyəti ürəkaçan deyil. 4 oyundan sonra komandamızın aktivində xal yoxdu. Əvəzində Kosovonun 2 qələbəsi var...

- Bilirəm, qrupda qeydə alınan nəticələrdən xəbərim var. U-21-in çıxışını izləyirəm. Oyunlarına tez-tez baxıram. Çünki “Sumqayıt”ın da bir neçə üzvü millidə çıxış edir. Ümid edirəm ki, yığmamız bu görüşdə qələbə qazanacaq.

 

- Almaniya ilə Bakıdakı matçda 7 top buraxmağımızla yanaşı, oyun planında da komanda heç nə ilə yadda qalmadı...

- Praktikada belə bir şey var ki, məşqçi dəyişəndə ya yaxşı nəticə olur, ya da tam əksi. Bu dəfə millimizin bəxti gətirmədi. Mən həmin oyunda qeydə alınan uğursuz nəticəni bununla bağlayıram. Komandanın içində olmadığım üçün problemlərdən xəbərim yoxdu.

 

- U-21 əsas millinin bazası sayılır. Bu futbolçularla yığma gələcəkdə nə əldə edə bilər?

- Bəlkə də, yığılan uşaqlar özlərini təsdiqləyə bilmirlər. Əksəriyyəti ilə işləyirəm, üz-üzə gəlirəm. Onların arasında yaxşı uşaqlar da var. İnanıram ki, aralarında gələcəkdə Premyer Liqada oynayacaq futbolçular da olacaq. Sadəcə, özlərinə inamsızlıq yaranıb.

 

- U-21-də milliləşdirilmiş, amma heç bir işə yaramayan xeyli sayda futbolçu çıxış edir. Onların yerinə özümüzünkülərə şans vermək daha düzgün olmazmı?

- Razıyam. Mən də həmişə bunun əleyhinə olmuşam. Aşağı yaş qrupları üzrə komandalarımızda çıxış edən milliləşdirilmiş futbolçular gələcəkdə nə çempionatımızda oynayırlar, nə də əsas yığmamızda. İndiyə qədər bu tip futbolçulardan yalnız Andrey Popoviç sonradan əsas millinin formasını geyinib.

 

- Deməli, baş məşqçi olsaydınız, milliləşdirilmiş futbolçuları oynatmazdınız...

- Mən Samir Ələkbərovun işinə qarışa bilmərəm. O, çıxış yolunu bunda görürsə, deməli, oynatmalıdı. Nəsə desəm, baş məşqçinin işinə müdaxilə olar.

 

- U-21 ilə yanaşı, digər aşağı yaş qrupları üzrə millilərimizdə də vəziyyət ürəkaçan deyil...

- Bir işin arxasında duranda hökmən onun hesabatını verməlisən. Yığmaların məşqçiləri də hesabat verməlidilər ki, vəziyyət niyə belədi? Desəm ki, futbol akademiyalarımız çox zəifdi, o da düzgün olmaz.  

 

- Qurban Qurbanovun əsas milliyə baş məşqçi təyin edilməsini necə qarşıladız?

- Çox müsbət. Qurban müəllim hər barədə dəyişiklik edə bilər. İnanıram ki, millidəki fəaliyyəti də uğurlu alınacaq.

 

- Onun gəlişindən sonra aşağı yaş qrupları üzrə yığmaların məşqçi postlarında dəyişikliklərin olacağı gözlənilir. Belə bir təklif gəlsə, razılaşarsızmı?

- Əlbəttə ki. Təklif gəlsə, böyük məmnuniyyətlə razılaşaram.