Azərbaycan Olimpiadaya Solsona ilə gedir! - EKSKLÜZİV

Azərbaycan Olimpiadaya Solsona ilə gedir! - EKSKLÜZİV
01-12-2017 / 12:08 DİGƏR NÖVLƏR
1500

Azərbaycan Qış Olimpiya Oyunlarındakı iştirak ənənəsini davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız ardıcıl 6-cı dəfə Ağ Olimpiadada mübarizə aparacaq.

 

Azərbaycanın bayrağı ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində dalğalanıb. Həmin vaxtdan bütün analoji yarışlara qatılan ölkəmiz 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarında da idman ailəsindən kənar düşməyəcək.

 

Artıq Azərbaycanın Asiya ölkəsindəki təmsilçi sayı da dəqiqləşib. Yığmamız Pxençxanda yalnız 1 idmançı ilə mübarizə aparacaq. Ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə dağ xizəyi yarışlarında təmsilçimiz də start xəttinə çıxacaq. Bu dəfə ölkəmizi Robert Solsona təmsil edəcək. 22 yaşlı Andorra əsilli dağ xizəkçisi lisenziya xallarının sayına görə Cənubi Koreyada çıxış etmək hüququna yiyələnib. Onun Azərbaycan bayrağı altında Olimpiadaya qatılması isə növbəti həftə rəsmən açıqlanacaq.

 

Nəhəng slalomda çıxış edən Solsona Olimpiadada 2 dəst medal uğrunda mübarizə aparacaq. O, nəhəng slalomla yanaşı, slalomda da mükafata iddia edəcək.

 

Qeyd edək ki, Soçi-2014-də də ölkəmiz yalnız dağ xizəyində təmsil olunmuşdu. Patrik Braxner kişilərin, Qaya Bassani Antivari qadınların yarışında Rusiyada iştirak hüququna yiyələnmişdi.