Reynaldo hamıdan yaxşı oldu

Reynaldo hamıdan yaxşı oldu
07-12-2017 / 22:28 TOP OYUNLARI
591

Kişi voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin ilk oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Lokomotiv”in Portuqaliya təmsilçisi “Fonte Bastrado”ya 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən yaxşı oyunçusu rəqibin üzvü Da Silva Reynaldo seçilib.

 

Portualiyalıların hücumçusu 19 xal toplamaqla bombardir adına da yiyələnib. Ən yaxşı hücumçu isə Roşa Kayo olub. O, hücumda 18 xal toplayıb.

 

Topu oyuna ən yaxşı daxil edən də rəqibin voleybolçusudur. Aleksandr Kudryaşov 3 dəfə “eys” xalına sevinib.

 

Ən yaxşı top qəbul edən isə “Lokomotiv”in üzvüdür. Siyahıda Kənan Allahverdiyev hamını qabaqlayıb. Çempionumuzun oyunçusu Rəsul İbrahimov isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 5 dəfə rəqib hücumunun qarşısını alıb.

 

Fərid Cəlalovun yetirmələrinin tam statistikasına gəlincə, Rəsul İbrahimov 17, Pərviz Səmədov 16, Dmitri Obodnikov 15, Vüqar Bayramov 8, İvan Kazaçkov 7 və Aleksey Çervyakov komandamıza 1 xal qazandırıb.