Azərbaycan kuboku: 3 siftənin astanasında

Azərbaycan kuboku: 3 siftənin astanasında
14-12-2017 / 10:17 FUTBOL
1347

Bu gün Azərbaycan kubokunda ilk yarımfinalçılar müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə qarşılaşacaq “Zirə” ilkə imza atmaq imkanına malikdi.

 

Belə ki, qəsəbə təmsilçisi tarixi ərzində yarımfinala yüksəlmədiyindən “ağ-qaralar”ı keçsə, özü üçün “siftə”ni rəsmiləşdirəcək. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun yetirmələri bunu bacarsa, Azərbaycan kuboku tarixinə 28-ci yarımfinalçı kimi düşəcək.

 

Belə ki, indiyədək 27 komanda 1/4 final səddini adlaya bilib. Bu rəqəmin cari mövsümdə 30-a qədər qalxması ehtimalı da var. Çünki “Zirə” kimi daha iki komanda tarixində ilk dəfə bu raunda çıxa bilər.

 

Bunlar “Səbail”lə “Sumqayıt”dı. Sabah ev oyununa çıxacaq bu iki komandanın işi isə xeyli çətindi. Sonuncular 1:2 hesabı ilə uduzduğu “Qarabağ”ı, paytaxt təmsilçisi isə 0:1 hesabı ilə yenildiyi “Qəbələ”dən revanş almalıdı.

 

1/4 finalın digər 5 iştirakçısı isə dəfələrlə yarımfinal həyəcanı yaşayıb. Bu mərhələdə ən çox oynayan klub “Neftçi”di. Bakılılar 17-ci yarımfinalına yüksəlmək imkanına malikdi.

 

Finalın bir addımlığınadək irəliləmək sayında 2-ci yerdə “Qarabağ”dı. 16-cı yarımfinalının astanasında olan Ağdam klubu da uğurlu çıxışlarını davam etdirməyə köklənib.

 

10 və daha çox yarımfinal həyəcanı yaşayan 3-cü komanda isə “Keşlə”di. Paytaxt təmsilçisi evdə 2 cavabsız qolla yendiyi “Kəpəz”i mübarizədən kənarlaşdırsa, 11-ci dəfə 1/4 finalı adlamış olacaq.

 

Gəncə təmsilçisi və “Qəbələ” isə belə uğurlarına görə bu “üçlük”dən geri qalır. Bu cütlük hərəyə 5 dəfə yarımfinalda oynayıb. Onlar bu göstəricidə 6-7-ci yerlərə şərikdilər.