“Yəqin ki, zəhmətimiz qiymətləndiriləcək” – Derlis Meza Kolli

“Yəqin ki, zəhmətimiz qiymətləndiriləcək” – Derlis Meza Kolli
15-12-2017 / 00:01 FUTBOL
1900

“Neftçi”nin yarımmüdafiəçisi Derlis Meza Kolli “Zirə” ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Çempionatda məğlub edə bilmədiyiniz “Zirə”ni kubokdan kənarlaşdırdınız. Bu qeyri-mütənasiblik barədə nə deyə bilərsiniz?

- Rəqibi birinci hissədə göstərdiyimiz oyun sayəsində bütün komponentlərdə üstələdik. Bu da qələbə qazanmağımıza imkan verdi. İli yaxşı başa vurub, tətilə yüksək əhval-ruhiyyədə yollanmaq üçün bu qələbəyə ehtiyacımız var idi. Bacardığımıza görə, sevindik.

 

- İkinci hissədə yorulduğunuza görə, müdafiədən oynamağa çalışdınız, yoxsa taktiki gediş idi?

- Yorğunluq yox idi. Hesabda irəlidə olduğumuza görə, rəqibə üzərimizə gəlməsi üçün şərait yaratdıq ki, onları əks-hücumlarda yaxalayaq və hesabı artıraq.

 

- Oyundan sonra “Zirə”nin qapıçısı ilə az qala dalaşacaqdınız…

- Oyun zamanı baş verənlər meydanda qalır. Heç bir problem yox idi. Futbolçuyuq, belə hallar tez-tez ola bilər. Əsas odur ki, bunu meydanda unudasan.

 

- Aqressivliyin səbəbi nə idi?

- Bir epizod oldu, Məhəmməd Mirzəbəyov zədələnərək yerdə qalmışdı. Həmin epizodda rəqib qapıçı etirazını bildirdi. Mən də ona cavab qaytardım. Bundan sonra gərginlik yarandı.

 

- Oyundan sonra paltardəyişmə otağından alqış səsləri gəlirdi. Deyəsən, mükafatın məbləği böyük olub…

- Soyunub-geyinmə otağındakı qələbə sevinci idi. Özünüz də bilirsiniz ki, “Zirə”ni məğlub edə bilmirdik, uduzurduq. Bu oyuna yaxşı hazırlaşmışdıq və şükürlər olsun ki, yekunu qalib başa vurduq. Rəhbərlik də yəqin zəhmətimizi layiqincə qiymətləndirəcək.

 

- Rəqibiniz sabah keçiriləcək oyunda müəyyənləşəcək. Hansı komanda ilə üz-üzə gəlmək istərdin?

- Yarımfinalda zəif rəqib olmur. Kiminlə qarşılaşacağımızdan asılı olmayaraq, ciddi hazırlaşacağıq.

 

- Sizin mövqeyinizə Rahid Əmirquliyevin transfer ediləcəyi ilə bağlı mətbuatda xəbərlər dolaşır. Buna reaksiyanızı bilmək istərdik?

- Komandaya gəldiyim ilk gündən baş məşqçi mənə inamını, etimadını göstərir. Mən də bu ümidləri doğrultmaq üçün çalışıram. Peşəkar futbolçuyam, üzərimə düşən işi görürəm. Yekunda qərarı baş məşqçi verir.