Prosineçki müəmması davam edir: yığma, yoxsa klub?

Prosineçki müəmması davam edir: yığma, yoxsa klub?
15-12-2017 / 09:34 FUTBOL
1118

Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin növbəti iş yerinin hara olacağı hələ müəyyənləşməyib. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı çalışdırıcı ilə bağlı müxtəlif versiyalar yayılmaqdadı.

 

Prosineçki indiki məqamda Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçməyə əsas namizəd sayılır. Belə ki, federasiya rəhbərliyinin maraq dairəsində olan  digər mütəxəssis Fatih Terimlə danışıqlar baş tutmayıb. “İmperator” ləqəbli məşqçinin yüksək məvacib tələb etməsi qarşı tərəfin ürəyincə olmayıb. Nəticədə Terimlə danışıqlar dayandırılıb və Prosineçki əsas namizəd kimi ön plana keçib.   

 

Digər tərəfdən 48 yaşlı çalışdırıcının fəaliyyətini Qazaxıstanda davam etdirmək variantı yaranıb. Bu ölkənin mətbuatının yazdığı məlumata görə, yüksək liqa klublarından biri Prosineçkinin xidmətində maraqlıdı. Komandanın adı isə açıqlanmayıb.

 

Qeyd edək ki, buna qədər də Prosineçkinin adı müxtəlif komandalarla – “Bursaspor”, “Konyaspor”, “Trabzonspor” və “Şturm” klubları, həmçinin Xorvatiya və Sloveniya yığmaları ilə birgə hallanıb. Yekunda isə onlardan heç biri sözügedən mütəxəssisə tapşırılmayıb.